Herbert Markuze (4 oktyabr 1968-ci il / “The Guardian” jurnalının 20 illiyi)

Dərc edildi: İyun 25, 2010 / Şəxsiyyətlər

Herbert Markuze

Yeni solçuların vəziyyətinə dair

4 oktyabr 1968-ci ildə Nyu-Yorkun həftəlik “The Guardian” jurnalının 20 illiyinin bayram edilməsinə dair nitq.

Mən “Nyu-York Times”ın məni adlandırdığı tip adam deyiləm. Mən heç zaman özümü “yeni solçuların ideoloji rəhbəri” hesab etməmişəm, bundan əlavə, düşünmürəm ki, solçuların ümumiyyətlə, ideoloji rəhbərə ehtiyacı var. Onlara müəyyən edilmiş yeni ata fiquru gərək deyil. Və mənim qəti olaraq həmin “atacıq” olmaq fikrim yoxdur.

Mən yalnız Karlın [1] dediyini təkrarlayıram: “Biz gözləyə bilmirik və gözləməyəcəyik də”. Və mən özüm də şəxsən gözləyə bilmirəm. Təkcə yaşıma görə də yox. Ümumiyyətlə, mən düşünmürəm ki, biz nəyisə gözləməliyik, çünki heç nə dəyişmədiyi təqdirdə, irəlidə nəyəsə dözmək tamamilə mümkünsüzdür. Mən boğuluram.

Bu gün istərdim ki, hazırki yeni solçuların real imkanlarını, bunun nə dərəcədə mümkün olduğunu təsvir edim. Bunu etmək isə müəyyən bir nəzəri təhliletmə tələb edir ki, yeri gəlmişkən, mən heç də buna görə üzr istəyəsi deyiləm, belə ki, əgər  solçuların nəzəri araşdırmalara allergiyaları varsa, deməli, onlarda hər şey qaydasında deyil.

İlkin olaraq gəlin, bizim – mən bizim deyirəm – hərəkatın toqquşduğu iki ziddiyətə nəzər yetirək. Bir tərəfdən biz bilirik, mütəəssir oluruq, öz varlığımızla hiss edirik ki, cəmiyyət insanlığı və azad olmağa yönəlik təbii şəraiti, başqaları tərəfindən istismar olmadan öz həyatlarını müstəqil şəkildə qurmaq imkanlarını daha da əzir və dağıdır.

Bizlər – nəinki yalnızca hazırda bu auiditoriyada oturanlar deyilik, mən əsarətdə olan, öz işi ilə köləliyə sürüklənən, yararsız, lakin əvvəlki tək onlardan tələb olunan imkanlarla, mənəvi olaraq onları bağlayan hər kəsi nəzərdə tuturam – o kəsləri ki, bu ölkənin daxili və xarici müstəmləkələşdirmə siyasəti nəticəsində kölələşdiriliblər. Biz – o böyük Bizik ki, dəyişikliyə ehtiyacı var. Başqa bir tərəfdən, özümüzə etiraf etməliyik ki, böyük bir hissəmiz dəyişikliyə ehtiyac olduğunun fərqinə varmır, hiss etmir, siyasi idrakı bunu düşünməyə çatmır. Və bu, nə dərəcədə düzgündürsə, mən hesab edirəm ki, bizim strategiyamızın ilk böyük problemidir.

İkinci ən böyük problemimiz isə daima qarşılaşdığımız sualdır: “Hansı alternativ var? Siz daha yaxşı nə isə təklif edə bilərsinizmi?”. Mən düşünmürəm ki, bu suala laqeyd yanaşaraq “İlk öncə köhnəni devirməliyik, ondan sonra baxarıq” cavabı verməliyik. Biz bunu çox adi bir səbəb görə edə bilmərik: bizim məqsədimiz, bizim dəyərlərimiz, bizim yeni mənəviyyatımız artıq indidən bizim əməllərimizdə özünü göstərməlidir. Uğrunda çalışdığımız yeni insan üçün biz bu gündən və buradan başlayaraq həmin yeni insan olmalıyıq.

Bu səbəbdən də biz adi bir şey kimi bu sualı adlayıb keçməməliyik. Biz hətta xırdalıqlarda da gələcəkdə yarana biləcək yeni insan nümunəsi olmaq yolunda qulluq etməliyik. Bunu göstərən yeganə alternativ isə, mənim üçün əvvəlki tək sosializmdir. Nə Stalin, nə də ki, poststalin sosializmi, hansı ki, hər zaman sosializm dedikdə ağıllara gələn əzilərək, çox tez bir şəkildə ağzın bağlanıldığı yox, məhz azad sosializm (der libertäre Sozialism).

Beləliklə, əgər bu alternativ sayılan azad sosializmdirsə, bəs biz onu necə təsvir edirik? Hər bir halda, insanlar ətraflarına baxaraq söyləyəcəklər: “Bəs sosializmin bu tipi haradadır? Sən hələ bir onu bizə göstər”. Biz söyləyəcəyik ki, yəqin o Kubada qurulub. Ola bilsin ki, Çində. Tam dəqiqdir ki, o, Vyetnam da [amerikan] supermonstrla savaşır. Lakin insanlar ətrada baxıb və deyəcəklər: “Xeyr, bu – sosializm deyil. Bizim gördüyümüz sosializm Sovetlər Birliyindədir. Sosializm – bu zorla Çexslovakiyaya soxulmaqdır”. Başqa bir sözlə, sosializm – cinayətdir.

Biz bu sözlərin qarşısına nə qoya bilərik? Yuxarıda göstərilmiş iki ziddiyət bir şeyə gətirib çıxarda bilər. Radikal dəyişikliklər kütlənin dəstəyi olmadan mümkün deyil. Lakin kütlənin dəstəyi ilə – hər bir halda bu ölkədə və gələcəyə baxdıqda – daha çox mümkündür. Bəs biz ziddiyətlərlə nə edə bilərik?

Cavab çox sadə görünə bilər. Biz dəstək yığmağa çalışmalıyıq. Biz kütləni öz tərəfimizə cəlb etməliyik. Ancaq bizim burada bu gün qarşılaşdığımız fakt odur ki, hazırda mövcud olan demokratik təşviqatın sərhədlərinə yaxınlaşırıq. Niyə sərhədlərinə? Çünki, bu çoxluğun əhəmiyyətli və bəlkə də həlledici hissəsi, məhz işçi sinfi yalnız səthi deyil də mötəbər maddi əsaslara söykənmiş mövcud sistemə inteqrasiya edilmişdir. Əlbəttə ki, bu inteqrasiya əbədi deyil.

Tarixdə heç nə əbədi deyil.

Korporativ kapitalizmin ziddiyətləri [2] heç zaman olmadığı kimi  dərindir. Ancaq bu ola bilməz və olmamalıdır, bizdə illüziya yaratmamalıdır ki, həqiqətən də müvəqqəti inteqrasiya son illərdə gördüyümüz kimi yalnız o zaman çökə bilər ki, sistemə xas olan ziddiyətlər meydana çıxsın. Bir halda ki, belə dezinteqrasyalar öz-özünə baş vermir, bizim məqsədimiz bu yöndə çalışmaqdır.

İkincisi, bizim demokratik təşviqatın sərhədləriylə toqquşmağımıza sadə bir faktdır odur ki, solçuların idarəsi altında kütləvi informasiya vasitələri yoxdur. Bu gün kütləvi rəy KİV tərəfindən yaradılır. Əgər kifayət qədər efir vaxtı və mətbəə nəşrlərinin səhifələrində yer ala bilmirsənsə, bu halda inhisarçı yolla formalaşdırılmış ictimai düşüncəni necə dəyişdirə bilərsən?

Xülasə: bizlər saxta demokratiya şəraitində özlərinin əsaslandırmalı ilə mövcud vəziyyətdə hər bir radikal dəyişikliklərə qarşı mühafizəkar mövqe tutmuş çoxluq ilə üz-üzə qalırıq. Demokratik təşviqata qarşı olan şərait həm də ənənəvi üsulla mərkəzləşdirilmiş kütləvi inqilabi partiyanın yaradılmasına qarşı da olmuş olur. Buna bənzər partiya bu gün mövcud ola bilməz, ona görə yox ki, “boğma mexanizmi” hər zaman olduğundan (hazırda) daha güclü və qüdrətlidir, əsasən ona görə ki, mərkəzçilik – artıq dəyişikliyə və ona gətirməyə yönələn düzgün üsul deyil.

Burada mən daha bir şeyi izah etmək istərdim. Artıq söyləmişdim ki, korporativ kapitalizmin ziddiyyətləri bu gün heç zaman olmadığı kimi güclüdür, lakin biz həmin anda əlavə etməliyik ki, həmçinin, onun əsası sərfəli və gündən-günə ABŞ və Sovet İttifaqının birgə səyi, belə desəm, mövcud çətinliklərin sayəsində möhkəmlənməkdədir. Bizim hazırda müşahidə etdiyimiz və tərəfində olduğumuz kapitalist sistemin müvəqqəti tarazlaşdırılması belə düşünürəm ki, dəbdən düşmüş variant kimi görsənə bilər. Belə isə, hər bu tip müvəqqəti tarazlaşdırma dövründə hər bir solçunun əsas vəzifəsi siyasi şüurun maarifləndirici və tərbiyəvi işlərinin inkişafını təmin etməkdir.

Bununla əlaqədar olaraq, üç qısa tezis ilə yeni solçuların strategiyalarını, üsullarını və nəhayət, təşkilatlanmasını açmaq istədim. Başlanğıc üçün – məqsəd. Biz yeni bir tarixi faktla qarşılaşdıq – məhz radikal dəyişikliyin perespektivi və ya zərurəti üçün daxili inqilablar və texniki cəhətdən proqressiv inkişaf etmiş sənayə cəmiyyəti, həmçinin, yaxşı funksionallaşmış və inteqrasiya olmuş cəmiyyət gərəkdir. Bu yeni sənayə faktı bizdən bəzi sevimli anlayışlarımızı yenidən gözdən keçirməyi tələb edir. Yenidən gözdən keçirtmək üçün isə, mən burada yalnız kataloqa bənzər bir şey verə bilərəm.

Birincisi, “hakimiyyətə gəlmək” anlayışı. Köhnə modeli daha istifadə etmək olmaz. Məsələn, belə təsvir etsək ki, ABŞ kimi ölkədə mərkəzi-avtoritar partiyanın idarəsi ilə böyük bir kütlənin Vaşinqtonda Pentaqonu tutması və yeni hakimiyyəti elan etməsi reallığa az yaxın və ya utopik səslənə bilər.

Bizim can atmalı olduğumuz şey – bir az dağınıq və geniş yayılan sistem dezinteqrasiyasıdır ki, burada maraqlar, əsas vəzifələr və fəaliyyətin istiqaməti lokal və regional səviyyəydə kəsişiər.

İkinci baxmalı olduğumuz anlayış işçi sinfidir. Burada isə günümüzdə nisbətən nüfuzdan salınmış anlayış olan “yeni işçi sinfi” barəsində bir neçə söz demək istərdim. Nəyin əleyhinə danışmağı və nəyin (artıq) deyildiyini bilirəm. Mənə elə gəlir ki, “yeni işçi sinfi” anlayışı müasir kapitalist prosesdə istehsalatın konkret anlayışlarını öncədən sezməyə imkan yaradır. İstehsalat proseslərində aparıcı mövqeləri adətən, yüksək ixtisaslı muzdlu qulluqçular, texniki işçilər, mütəxəssislər və s. tutur. Məhz bu səbəbdən ortodoksal marksist anlayışına əsasən, onlar sənaye işçi sinfinə aid olurlar. Burada bizim gördüklərimiz – və mən buna diqqəti yönəltmək istərdim – ənənəvi sənayə işçi sinfinin sərhədlərindən kənara çıxaraq və istismar spektirini genişləndirilmiş yeni işçi siniflərinin yaranmasına şərait yaradan potensial kütləvi əsasların böyüdülməsidir (Massenbasis).

Belə genişlənmə böyük, lakin çox dağınıq və qeyri-müəyyən kütləvi əsaslara işarə verir və bizim adətən, siyasi aktiv solçuların idarə edən azlıq və ya “kadr qrupu” adlandırdığımız hissəsi və kütlələr arasındakı əlaqələri dəyişir. Bizim müəssər olmaq istədiyimiz – böyük, mərkəzləşdirilmiş və təşkilatlanmış hərəkat deyil, müəyyən pozulmalara – təşviş, gettolara qarşı üsyan və s. əleyhinə lokal və regional siyasi hərəkatlardır. Belə siyasi hərəkatlar şübhəsiz olaraq, həmişə siyasi cəhətdən dərk edilərək cərəyan etmir və hər zamankından daha çox mübariz azlığın yönləndirilməsi üçün siyasi idarəetməyə və təlimatlandırılmaya ehtiyac duymaqdadır..

İndi isə yeni solçuların stratejiləri haqqında bir neçə kəlmə. Saxta demokratiya prosesi kvaziinhisarçı KİV-lərin köməyi ilə hansı dərəcədə daha çox azdəyişən çoxluğu yaradırsa, siyasi hazırlıq və təhsil də o dərəcədə ənənəvi liberal formaların çərçivələrindən kənara çıxmalıdır, siyasi hərəkat və siyasi təhsil isə, şifahi və yazılı müzakirələrdən kənara çıxmalıdır. Solçular siyasi dilin və münasibətlərin rüşvətlə alınan sülhünü qırmaq üçün düzgün bir vasitə tapmalıdırlar. Onlar digərlərinin idraklarını və vicdanlarını oyatmalıdırlar. Hazırda mövcud olan dil şablonları – bütün siyasi hərəkatlara oturuşmuş şablonlar – və rüşvətlə alınmış dünyadakı siyasi əlaqələrin kökünü qazımaq  demək olar ki, fövqəlbəşəri tapşırıqdır. Biz ortaq dil tapmağa və elə aksiyalar təşkil etməyə çalışmalıyıq ki, siyasi hərəkatın standart olmayan və qarşı dura bilən siyasi hərəkatlar olduğunu, özlüyündə bizim burada nə üçün olduğumuzu və nəyə can atdığımızı göstərə bilsin. O kəslər ki, yuxarıdakı maraqlara şərait yaranmasına heç zaman imkan verməyiblər və də ümid edirəm ki, heç zaman da verməyəcəklər.

İsteblişment və onun rasionallığına bu cür hərəkətlər ağılsız, uşaqcasına və irassional gələ bilər. Lakin bu da ona sübut ola bilər ki, söhbət cəhd etməkdən – vaxtaşırı uğurlu olacaq cəhdlər – siyasi davranışın repressiv kontekstini dağıtmaqdan gedir.

Sonda isə solçuların təşkilatları haqqında danışacağam. Artıq vurğulamışam ki, parlament partiyaları kimi ənənəvi təşkilatlanma formaları hazırda köhnəliblər. Mən elə bir partiya görmürəm ki, tez bir zamanda ümumi, bütün dünyanı bürüyən siyasi korrupsiyanın  qurbanı olmasın. Biz heç bir inqilabi siyasi partiya istəmirik, həmçinin də heç bir inqilabi mərkəzləşdirilmə və gizli inqilabi fəaliyyət istəmirik, bir halda ki, bütün bunların hamısı güclənən və effektivləşən cəzalandırıcı apparat üçün asan yemdirlər.

Bütün bunlara qarşı ola biləcək, hər yerdə fəaliyyət göstərməyi bacaran, çox az səpələnmiş, daha sıxlaşmış və ayrıca qruplardan ibarət tamamilə açıq bir təşkilat gərəkdir.

Bir az küfrlü səslənə bilər, lakin onu da əlavə etmək istərdim: heç bir tez-tələsik sol birləşməsi olmamalıdır! Solçular pərakəndə vəziyyətdə olurlar! Solçular hər zaman pərakəndə vəziyyətdə olublar! Birləşənlər isə heç bir ideya üçün mübarizə apara bilməyən sağçılar olublar!

Solçuların gücü məhz dinc şəraitdə (hər nə qədər bunu dinc adlandırmaq mümkündürsə) böyük olmayan, eyni zamanda müxtəlif yerlərdə aktiv şəkildə bir-biri ilə rəqabət aparan partizanlara bənzər etiraz qruplarıdır. Lakin, məncə, bu da vacib məqamlardan biridir ki, Solun gücü  – regionlarda fəaliyyət göstərməkdə toplanmış və özləri haqqında azad sosializmin əsas təşkilati forması, yəni fiziki və əqli əmək işçiləri şurası (Räte) və ya Sovetlər (Sowjets) olacaq formada elan edən kiçik qruplardadır. Bu formanı (kiçik şuralar) mən təşkilati spontanlıq kimi xarakterizə edərdim – və bunu tam ciddiliklə deyirəm. Bundan əlavə, bir neçə cümlə də yeni solçular arasındandakı birlikdən danışmaq istərdim. Mən Leninin söylədiyi kimi, iblislə saziş bağlamağın lazım olduğunu düşünmürəm. Bu gün o çox güclü olub. Bizi udacaq. Antiamerika fəaliyyətinin funksiyalarını öz üzərinə götürən [3] heç bir liberalla saziş olmaz. Onlar komitənin axıra çatdıra bilmədiklərini tamamlamaq istəyirlər, burada heç bir ad çəkmək fikrim yoxdur. Lakin biz o kəslərlə ittifaqa girə bilərik ki, (fərqi yoxdur ki, onlar burjualardır, ya yox) düşmənlərinin solda yox, məhz sağda olduğunu bilirlər və dəfələrlə də bunu göstəriblər.

İnanın, (bu sadəcə inandırmaq deyil, əminlikdir) faktları analiz edərkən mən əmin oluram ki, yeni solçular bu gün bizim yeganə ümidimizdir. Onların vəzifəsi özlərini və digərlərini hazırlamaq, gözləməmək, mənəvi və siyasi cəhətdən korporativ kapitalizmin münaqişələri öz cəza kontekstini itirəcəyi və azad sosializmin yaranması üçün real məkan yaranacağı günə hazırlamanqdır. Hazırki aktivliklərini cari səviyyədə saxladıqları təqdirdə, solçular üçün yeni perespektivlər gələcək üçün çox yararlıdır. Məhz buna görə də uğur artıq öz aktivliyimizi saxlamaqda olar.

Son olaraq da bir söz sol düşərgəsinə dost və qeyri-dostlar haqqında. Köhnə solçular və liberalların fetişizm və fetişistləşdirilmiş anlayışlarına qarşı ciddi şəkildə itaətsizlik edən yeni solçu gənclərə inkişaf etməmiş radikallar və intellektual snoblar [4] kimi baxaraq Leninin polemik yaradıcılığından [5] sitat gətirən tənqidçilərə demək istəyirəm ki, bütün bunlar təhrif olunmuş tarixdən götürülmüş kor-koranə sitatlardır. Lenin böyük və kütləvi inqilabi partiyanın yaradılmasına qarşı olan radikal solçuların üzərinə getdi. Bu gün həmin inqilabi partiya mövcud deyil. Kommunist partiyası intizam partiyasına çevrilib. O, özünü belə adlandırdı [6]. Bir sözlə, bu gün hər şey əksinədir. Heç inqilabi partiya olmasın, lakin, onların diliylə desək, inkişaf etməmiş solçu radikallar, hətta zəif və anlaşılmaz olanları belə böyük sosialist ənənəsinin əsl varisləridirlər.

Siz özünüz bilirsiniz ki, sıralarınızda təhrikçilər, sarsaqlar və macəraçılar (avavturistlər) var. Lakin onlarla birgə həmçinin, aqressiv və qeyri-insani cəzalandırmanı tələb edən və buna can atan istismarçı cəmiyyətdən o dərəcədə azad insanlar, kişilər və qadınlar, ağlar və qaralar vardır ki, istismar olmadan belə cəmiyyət üçün işləməyə hazırdırlar. Və nə qədər ki, bunu etmək iqtidarında olacağam, mən də bütün həvəsimlə sona kimi onlarla həmkarlıq edəcəyəm.

1968

Orijinalının ilk dəfə nəşri: Marcuse H. Zur Situation der Neuen Linken. — Frankfurt am Main: Nova Press im Melzer Verlag, 1969. — 15 S. Bu tərcümə üçün material La Banda Vaga qrupunun saytından götürülüb (2004).



Qeyd

1. Karl Oqlsbi – 1965-ci ildən “Demokratik cəmiyyət üçün tələbələr” adlı sol təşkilatın rəhbəri, amerikalı yazıçı və publisist.

2. Korporativ kapitalizmin anlayışı altında kapitalist ictimailəşdiriləmsi başa düşülür, hansında ki, əmək və kapital arasında toqquşma sosial partnyorluqla aradan qaldırılmalıdır. Krizisin qarşısını almaq üçün bu təcrübə dövlət tərəfindən “ideal müştərək kapitalist” təşəbbüskarlığı kimi qəbul olunur. (F.Engels)

3. Antiamerikan axtarış komitəsi özündə vətəndaş əks-kəşfiyyatı və köhnə Makkartni adminstrasiyasına daxil olan kommunistələrə qarşı istifadə olunan alət kimi, ABŞ nümayəndə məclisinin axtarış bürosu adlanırdı.

4. Snob – aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid etməyə çalışan və digər hər şeyə xor baxan adam.

5. Söhbət Leninin “Kommunizmdə “solçuluq” uşaq xəstəliyi”ndən (1920) gedir.

6. Fransa kommunist partiyası 1968-ci ildəki “Qırmızı May” dövründə (ictimai) sistemin stabilləşdirilməsi funsiyasını təsdiqləmək üçün özünü belə xarakterizə etmişdi.

Advertisements
şərhlər
  1. fantina dedi ki:

    “Ümumiyyətlə, mən düşünmürəm ki, biz nəyisə gözləməliyik, çünki heç nə dəyişmədiyi təqdirdə, irəlidə nəyəsə dözmək tamamilə mümkünsüzdür. Mən boğuluram.” – bu sözlər məhz bizim üçün deyilib sanki..

    “Uğrunda çalışdığımız yeni insan üçün biz bu gündən və buradan başlayaraq həmin yeni insan olmalıyıq.”!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma