Gürcüstanda müxalifətin aksiyası (reportaj)

Dərc edildi: Yanvar 11, 2011 / Dünya və Biz

Sonuncu dəfə məzuniyyətim dövründə Gürcüstana getdiyim zaman bir çox maraqlı hadisələrin şahidi oldum. İlk görüşdən özümü Avropada hiss edirdim, son günə kimi də belə oldu. Həyatımda unudulmayacaq günlər oldu – Tiflisə vuruldum. Baxmayaraq ki, Gürcüstana ilk səfərim idi, lakin nədənsə mənə elə gəlirdi ki, Tiflis hər zaman belə gözəl olmayıb. Ora getməmişdən öncə isə bu ölkə barəsində ora gedib-gələn insanlardan çox müsbət fikirlər eşidirdim, lakin bir ölkəyə turist kimi getməklə, bir ölkədə yaşamaq arasındakı fərq mənə məlum olduğu üçün, qarşımda belə bir məqsədim vardı ki, gürcü xalqının məhz özündən müsahibə götürərək hazırki hakimiyyətə qarşı fikirlərini öyrənim. Bir sözlə, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır prinsipi.

Açığı, mən tamam başqa münasibət gözləyirdim, çünki Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra ölkədə baş verən dəyişikliklər kənardan çox xoş təsir bağışlayır, lakin biz Gürcüstanda yaşamırıq və sosial sferada olmadığımız üçün bütün bunlardan səthi məlumatlıyıq. Necə ki, gürcülər Əliyevlərin hakimiyyətindən ağız dolusu danışırlarsa, eləcə də ola bilsin ki, biz Saakaşvilini elə görürük.

Gürcüstana çatdığım günün səhəri şəhərə çıxmışdım, Marcanaşvili küçəsindən hərəkət edərək parlament binasının qarşısına tərəf gedəndə uzaqdan böyük bir izdihamın olduğunu sezdim. Bir az daha yaxınlaşdıqdan sonra isə Gürcüstan müxalifətinin ənənəvi rəmzi ilə bəzədilmiş tribunanın olmasını, insanların əllərində şüarların olmasından anladım ki, mitinqin düz ortasındayam. “Fürsət, bu fürsət” deyərək orada jurnalistika üzrə təhsil alan dostum Azərdən öncədən götürdüyüm professional fotokamera ilə daxil oldum kütlənin içinə.

Elə müsahibə üçün əsl münbit şəraitin burada olduğunu anlayaraq yaxınlaşdım mitinq iştirakçılarından birinə. İki insandan müsahibə götürməyi düşünürdüm – həm gənc nəsil, həm də ki, yaşlı nəsil nümayəndəsi. Azərbaycandan olan bloqqer kimi özümü təqdim edəndən sonra mənə müsahibə verməyə razı oldular. Maraqlısı isə odur ki, qara camaatın çoxu bizimkilərdən fərqli olaraq, bloqun nə olduğunu bilirdilər. Buna görə özlüyümdə bir az utandım da. Nə isə. Müsahibəni video formada yerləşdirməyi gərəkli görmədiyim üçün, birbaşa mətləbə keçəcəyəm.

Beləliklə, ilk müsahibim 24 yaşlı idmançı (güləşçi) olan Xuto Çixadze oldu. Salamlaşmaq və sağollaşmaq hissəsini çıxmaq şərtiylə, konkret dialoqu yerləşdirirəm:

–          Bayaqdan fikir verirəm ki, mitinq iştirakçılarına müxtəlif qəzetlər, braşuralar, anketlər paylayırsınız. Onlarda hansı məlumatlar dərc olunur?

–          Bəli, mən özüm bu proseslərdə könüllü surətdə iştirak edirəm. Biz düşünürük ki, xalqın gözünü açmaq, onlarla bu cür məlumatları paylaşmaq zəruridir. Əhalinin bir hissəsinin internetə çıxışı var, lakin yaşlı nəsildən olan böyük bir hissəsi isə məlumatı televiziyadan, radiodan, jurnallardan və bu tip kütləvi informasiya vasitələrindən alır. Bu səbəbdən də biz hər mitinq zamanı bu yola əl atırıq. Hakimiyyətin nöqsanlarını göstəririk, müxtəlif analizlər veririk, bu isə düşünməyə təkan verir.

–          Bəs nəticəsi nə dərəcədə effektli olur? Bu tip məlumatların paylaşılması zamanı problem olurmu?

–          Əlbəttə, məhz burada yığılan əhalinin böyük bir hissəsi məhz bu materialların sayəsində məlumatlanırlar. Biz onlara təhlil imkanları veririk, düşünmək və nəticə çıxartmaq isə özlərinə qalır. Hazırki hakimiyyət isə bu cür piyarlara qarşı normal mövqe tutur, bizə problem yaratmırlar.

–          Anladığım qədəri ilə hazırki hakimiyyətin verdiyi söz azadlığı müxalifəti qane edir…

–          Baxır buna hansı mövqedən yanaşırsınız. Saakaşviliyə qədər olan hakimiyyətlə müqayisədə böyük fərq var, lakin burada da bəzi məhdudiyyətlər var.

–          Nə kimi məhdudiyyətlər?

–          Müxalifət istəyir ki, istədiyi zaman azad mitinq keçirdə bilsinlər, lakin iqtidar öncədən xəbərdarlıq almamış buna icazə verməyəcəyini deyir. Biz isə, istədiyimiz zaman heç bir xəbərdarlıq etmədən bunu etmək istəyirik.

–          Nəzər yetirsən, siz şəhərin mərkəz hissəsində bu mitinqləri keçirdən zaman yollar bağlanılır, nəqliyyatın gediş-gəlişində problem yaranır – bütün bunları kontorlda saxlamaq üçün icra hakimiyyətinin xəbərdar olması elə ən düzgün olan variant deyilmi?

–          Elədir, lakin bu bizim problemimiz deyil, icra hakimiyyəti özü bunun üstəsindən gəlməlidir. (Gülümsəyərək) Düşünməyin ki, demaqoqluq edirəm, sadəcə, daha rahat yol tapmaq olar, hər problemi müxalifətə buraxmaq lazım deyil.

–          Aydındır. Bəs, bir gənc olaraq, siz hazırki hakimiyyətin nəyindən narazısınız?

–          Bilirsiniz, Saakaşvili hakimiyyətə gələndən sonra çox vədlər vermişdi, lakin onların cüzi bir hissəsini yerinə yetirib. Öz çıxarları üçün hər şeyi edir və çoxu da gözdən pərdə asmaq üçündür. Kənardan isə böyük işlər kimi görsənir. Ölkədə işsizlik baş alıb gedir, əhalinin sosial rifahı isə gündən-günə aşağı düşür.

–          Siz əminsinizmi ki, hakimiyyətə başqa birisi gəlsə, bütün bu problemlərin üstəsindən qısa zaman ərzində gələ biləcək?

–          Təbii ki, bunu əminliklə demək olmaz, lakin ən azından, Saakaşvilinin indiki siyasətindən qat-qat yaxşı olacağını deyə bilərəm. Ümumiyyətlə, onu deyim ki, xalqı anlamaq üçün xalqdan olmaq lazımdır, Saakaşvili isə tamam başqa mühitdə formalaşıb.

–          Saakaşvilini də hakimiyyətə gətirən xalq oldu, onlar da belə düşünürdülər, lakin indi onu getməyə çağırırlar. Eyni hal təkrarlana bilməzmi?

–          Düşünürəm ki, bundan sonra xalq daha düzgün seçim etməyi bacaracaq, müxalifətin sıralarında isə ölkəni düzgün idarə edə biləcək həqiqi insanlar var, onların hakimiyyətə gəlməsi böyük dəyişikliklərə səbəb olacaq.

–          Onlardan kimi misal çəkə bilərsiniz?

–          Nino Burcanadze – bu qadında əsl liderlik keyfiyyəti var. Onun haqqında çox danışa bilərəm, lakin bircə onu demək yetərlidir ki, o, xalqın içindən çıxmış biridir, xalqın nə istədiyini çox yaxşı bilir.

–          Növbəti seçkilərdə onun qalib gəlmək şansını nə dərəcədə qiymətləndirirsiniz?

–          Əgər, bu cür çıxışlar ənənəvi hal alarsa, xalq öz seçimində dəqiq olacaq. Xalqın nə istədiyini isə, hazırda öz gözünüzlə bu nümayişdə qalxan əllərdən görürsünüz.

Bəli, gördüyünüz kimi gənc müsahibim sırf sosial rifahın aşağı düşməsindən gileyləndiyi üçün Saakaşvili hakimiyyətindən narazı qaldığını, bundan əlavə, mitinqlərin keçirilməsində “problem” yaşadıqlarını qeyd elədi. Lakin, bu şəxs bilmir ki, Azərbaycanda müxalifət heç bunu da edə bilmir, 5 ildən bir hər müxalifətçiyə cəmi 4 dəqiqə danışmaq imkanı verirlər. Bunlar isə, parlament binası qarşısında istədikləri zaman yalnız öncədən xəbərdarlıq edərək bu cür izdihamlı mitinq keçirdib, Saakaşvilini geninə-boluna tənqid edirlər.

Bir digər müsahibim isə, dediyim kimi yaşlı nəsil nümayəndəsi oldu. David Canezaşvili bir ildir ki, təqaüdə çıxmış mühəndisdir.

–          Gürcüstanın SSRİ-nin parçalanmasından sonra müstəqllik qazandığı dövrdən bu tərəfə hər bir hakimiyyəti görmüsünüz. Onları bir-biri ilə müqayisə edərkən, özünü daha qabarıq şəkildə göstərən fərq nədir, sizcə?

–          SSRİ parçalandıqdan sonra Gürcüstanda dəyişikliklər çox oldu. İndiki Gürcüstanın da çətin vəziyyətinin səbəbi məhz Şvarnadzenin uğursuz siyasətinin nəticəsidir. Düzdür, xarici əlaqələr, ən əsas da Rusiya ilə münasibət o zaman daha yaxşı idi, lakin bu onun gördüyü bütün mənfi işlərə ağ bəhanə ola bilməz. Ölkədəki korrupsiya bu gün də özünü göstərməkdədir, hərçənd Saakaşvili onu nə qədər təmizləməyə çalışsa da. Bircə onu əminliklə deyə bilərəm ki, Şvarnadze olmasaydı, bu müddət ərzində Gürcüstan daha surətli inkişaf edə bilərdi.

–          Bəs, siz bu gün nədən narazısınız? Sizin müxalifətin keçirdiyi aksiyada hazırki hakimiyyətə qarşı çıxmanıza səbəb nədir?

–          Saakaşvilini xalq hakimiyyətə gətirdi, indi isə o işini düzgün görə bilmir və onu hakimiyyətdən uzaqlaşdıran da xalqın özü olacaq. Bir neçə il öncə bunu düşünmək hətta çox gülməli səslənərdi ki, seçimi xalq edir, çünki Şvarnadze ölkədə elə bir bürokratiya yaratmışdı ki, xalq səsini belə çıxarda bilmirdi. İndi isə bu cəhətdən azadlıq var. Düşünməyin ki, Saakaşvili də öz xələfindən geri qalmır, xeyr, sadəcə xalqın gücünü gördükdən sonra artıq demokratik olmağa məcbur olur. Həm də ki, Şvarnadze ilə Saakaşvili arasında bir şəxsiyyət kimi də fərq böyükdür, ikinci daha intellektual, daha mədəni insandır. Şəxsən mənim bu aksiyada çıxış etməyimə səbəb isə ölkədəki hazırki vəziyyətdir. Saakaşvili guya ki, korrupsiyanın qarşısını almaq üçün islahatlar etdi, lakin mən əminliklə deyə belərəm ki, əsas korrupsioner onun özü və ətrafıdır. Bundan əlavə, ölkədə işsizlik baş alıb getdiyi zamanda Rusiya ilə əlaqələri də korladı, bu isə onsuz da işsizlikdən əziyyət çəkən millətin yeganə qazanc yeri olan Rusiyanın problemlər yaratmasına səbəb oldu. İndiki viza rejimi bizim ziyanımızadır. Görünür, uğursuz xarici siyasəti ilə, siyasi balansı pozan Mişanı isə bu hal çox az maraqlandırır.

–          Saakaşvili çıxışlarından birində belə bir fikir söyləmişdi ki, əgər, hakimiyyətdə korrupsiya olsaydı, bu özünü ictimai-sosial və digər sahələrdə də göstərərdi. Belə desək, balıq başından iylənər məsəli. Buna münasibətiniz necədir?

–          Mən bunu bəhanə kimi qəbul edirəm. Hər halda, korrupsiyanın da müəyyən sərhədləri var deyə düşünürəm, həmin sərhədləri keçmədikləri təqdirdə isə onun dediyi sferalarda yayılmasının qarşısı alınır və elə bir mənzərə yaranır ki, guya hər şey tamamilə şəffafdır.

–          Əhalinin rifahında hansı problemlərin olduğunu konkret vurğulaya bilərsinizmi? Sizcə, heçmi ölkə hakimiyyətindən razı olan təbəqə yoxdur?

–          Əlbəttə ki, var. Kimlərin ki, işi var, onlar bu hakimiyyətdən razıdırlar. İslahatlar aparıldı, külli miqdarda iş yerləri bağlandı, əvəzində isə elə bir siyasət işlədildi ki, hər ailədə yaşlılar təqaüdə çıxdı, cavan nəsilə iş verildi və məvacibləri artırıldı, lakin o qədər səthi siyasətdir ki, bu adamlar hər ailədə vəziyyətin eyni olmadığını düşünməyə imkanından uzaq qalırlar. Bu qədər abadlıq işləri hələ ki, ac xalqa lazım deyil. Ona qalsa, heç onu da düzgün apara bilmirlər. Bu dediklərim isə problemin əsas gövdəsidir, onun isə kifayət qədər budaqları var ki, digər problemləri özündə cəmləşdirir.

–          Saakaşvilini də hakimiyyətə gətirən xalq oldu, onlar da belə düşünürdülər, lakin indi onu getməyə çağırırlar. Eyni hal təkrarlana bilməzmi? (bundan öncəki müsahibimə verdiyim sualı təkrar soruşmaq və iki fərqli nəslin düşüncəsini bilmək maraqlı idi)

–          Bu dəyişiklik gürcü xalqı və Gürcüstan üçün ilkin təcrübə idi desəm, heç də yanılmaram. Hazırda müxalifətdə bacarıqlı siyasətçilər var, indi isə onlara imkan yaratmaq lazımdır ki, xalqın etibarını qazansınlar. Düşünürəm ki, eyni hal daha təkrarlanmayacaq, çünki Saakaşvilidən sonra bu da yeni gələn prezident üçün bir növ dərs olacaq. Qərbdə inkişaf etmiş və güclü siyasətə malik olan dövlətlərdən heç birinin hakimiyyəti elə ilk gündən başlayaraq hazırki səviyyədə olmayıb, buna zaman lazımdır, Gürcüstan isə bu yolda hələ ilk addımlarını atır. Saakaşvilinin isə hazırda bir məqsədi var ki, ölkənin idarəsini parlamentə tapşırsın və özünü də həmin parlamentdə aparıcı insanlardan birinə çevirsin. Bu yolla onun hakimiyyətdən getməyi formal xarakter daşıyacaq. Bizə isə lazım olan bu deyil.

–          Bəs sizin namizədinizi bilmək olarmı?

–          Dediyim kimi, müxalifətin sıralarında bu prezident postuna layiq olanlar çoxdur, ona görə də seçkilərə kimi hələ qərar verməyə zaman olacaq, (gülümsəyərək) bunların da içində gözümə yaxşı dəyməyənləri var.

Gördüyünüz kimi, hələ ki, qonşu Gürcüstanda da insanlar hakimiyyətdən narazıdırlar. Narazı təbəqənin isə hər zaman və hər yerdə olması, əks fikirlərin olması tamamilə normaldır. Əsas məsələ odur ki, hakimiyyətin sənə bunu nə dərəcədə ifadə etmək imkanı verməsidir. Azərbaycanla Gürcüstanı müqayisə etdikdə isə, ən böyük fərqlərdən biri də məhz bu olaraq ortaya çıxdığını görürük.

Mən isə bir şey əminliklə deyə bilərəm ki, bir neçə il sonra Gürcüstan məhz bu cür beyindəki inqilablarla çox yüksək yerə qalxacaq, lakin Azərbaycanda hazırki bürokratik vəziyyət davam edərsə, daha da uçurumun dibinə yuvarlanacaqdır. Xalq özü buna qərar verərək seçimini etməlidir.

Hadisə yerindən görüntüləri hazırladığım aşağıdakı qısametrajlı videodan izləyə bilərsiniz.


Advertisements
şərhlər
  1. Pehi dedi ki:

    ”…lakin Azərbaycanda hazırki bürokratik vəziyyət davam edərsə, daha da uçurumun dibinə yuvarlanacaqdır. Xalq özü buna qərar verərək seçimini etməlidir.”

    ne vaxtsa Xalqin oyanacagina umid edirem…

    Ela yazidir.

  2. Pehi dedi ki:

    Etiraz etmeye qorxurlar axi..

  3. Xəyalpərəst dedi ki:

    Azərbaycan yerində sayır. Xalqın çox hissəsi bilir ki, nə nə yerdədir, amma hamı pıçıltı ilə danışır, qışqırmağa heç kimin cürəti çatmır. Maraqlı müsahibə alınıb. Təşəkkürlər!

    • Aqşin Mahmudov dedi ki:

      İfadə azadlığının olmaması bu cəmiyyət üçün böyük bir mənfi haldır. Bunu əlbət ki, hakimiyyət aradan qaldırmayacaq, çünki onlara bu hal sərf edir, bunu edəcək olan insanlardır… Bu mövzuda isə yaxın gələcək üçün nikbin deyiləm.
      Diqqətinizə görə Sizə təşəkkürlər!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma