Cəmiyyətdə qəzetlərə münasibət (sorğu)

Dərc edildi: Fevral 15, 2011 / Bura Azərbaycandır!

Azərbaycanda gedən siyasi proseslər əhalinin maariflənməsi ilə paralel gedir desək, heç də yanılmarıq, məncə. Bu gün cəmiyyətin mütaliəyə marağı heç də 20-30 il öncəki kimi deyil. Bundan əmin olmaq üçün insanların qəzet, jurnal və kitablara olan tələbatına diqqət yetirmək kifayədir. Ən əsas da qəzetlərə olan marağın aşağı düşməsi növbəti çalınan həyəcan təbilindən xəbər verir. Məhz bu səbəbdən də hazırda Bakı Jurnalistika Məktəbinin iki tələbəsi olan Zaur ilə mən küçə sorğusu keçirtmək, insanların bu barədə fikirlərini öyrənmək qərarına gəldik.

Küçə sorğusunu müxtəlif yaş və peşəyə mənsub insanlar arasında keçirtməklə daha geniş məlumat almağa müəssər olmağa çalışdıq. Nəticəni isə öncədən təxmin etmişdik. Beləliklə, insanlarla qəzetlər arasında münasibət loru dildə desək, çox soyuqdur. Bunun bir çox səbəbləri var. Bu səbəblərdən ən qabarıq şəkildə özünü büruzə verənlərdən isə qəzetlərin daha çox yanlış informasiya verməsi, məlumatların qərəzli olması, heç bir yenilik və öyrədici keyfiyyətlərinin olmaması, ümumi interfeysin rəngsiz, cansıxıcı və ən əsas da axtarılanların orada olmamasıdır. Digər bir səbəb isə günümüzdə internetin mövcudluğu, məlumatları daha rahat və sürətli şəkildə xəbər agentliklərinin və ümumiyyətlə, KİV-lərinin internet səhifələrindən almaq imkanının olmasından irəli gəldiyini xüsusilə vurğuladılar.

Müsahiblərimizin bu fikirləri həqiqətən də çox əsaslıdır. Çünki, günümüzdə buraxılan qəzetlərin keyfiyyət göstəriciləri hər cəhətdən dünya standartlarından çox geri qalır. Bu səbəblərdən biri kimi ölkədə mətbuat azadlığının olmaması, səsləndirilən fikirlərin senzuradan keçirilməsi və jurnalistlərin müxtəlif təzyiqlərə məruz qalması kimi halları göstərmək olar. Zira, hər bir mətbuat orqanı dəqiqlik, qərəzsizlik, vicdanlılıq prinsiplərindən birini pozduğu halda, təbii ki, kütlə arasında nüfuzu aşağı düşəcək, insanlar ona pul vermək və evdə artıq kağız yığını yaratmaq istəməyəcəklər.

Bir neçə müsahibimin fikirlərindən də bu qənaətə gəldim ki, insanlar konkret tematikada olan qəzetlərə daha çox üstünlük verirlər. Məsələn, bəzi gənclər sırf gənclərə aid qəzetlərin olmasını, onlara daha çox yer ayrılmasını, bəziləri sırf siyasi, bir neçəsi isə yalnız idman xəbərlərinin olmasını istəyirdilər. Hətta, evdar xanımlardan sırf bu yöndə yazılmasını istəyənlər də vardı.

Beləliklə, ümumi bir qənaətə gəlmək olar ki, əslində, mütaliə problemi heç də bir çoxlarının düşündüyü, ən əsas da məhz mətbuat orqanlarının özlərinin qeyd etdikləri kimi, xalqın intellektinin aşağı enməsindən irəli gəlmir. Çünki, hakimiyyət insanlara nə təqdim etsə, ona yalnız keyfiyyətsiz məhsul təqdim etdiyi təqdirdə insanlar buna öyrəşəcək və zamanla tələbat da yalnız bu yöndə olacaq. Bəzi insanlar isə ümumiyyətlə bundan yararlanmaq istəməyəcəklər. Bu isə tam normaldır. Nəticə etibarı ilə qəzet redaksiyalarının bunu nəzərə almaları labüddür ki, əgər məhsulunuzun tirajı aşağıdırsa, keyfiyyətinizə əl gəzdirmək qaçılmazdır.

Bu isə sizə fərq. Oxucuların nə dərəcədə haqlı olduqlarını görmək üçün diqqətlə nəzər yetirmək kifayətdir.
1. Ümumi dizayn (rənglilik, kağızın keyfiyyəti, şriftlərin ölçüsü və s.)
2. Xəbərlərin dolğunluğu və sərlövhələr
3. Şəkillərin çoxluğu (bizim qəzetlərdən fərqli olaraq, boş yazılarla yer doldurub, yola vermirlər)
4. Tərəfsizlik (qəzetin ilk səhifəsində prezidentin mədhiyyəsi yoxdur)
5. Və bir çox irili-xırdalı səbəblər var ki, bunları sadalamağı ehtiyac görmürəm, özünüz fərqinə varırsınız

Sonda, həmin müsahibəni sizlərə təqdim etmək istərdim. Buyurun, özünüz seyr edin:

Advertisements
şərhlər
  1. Etibarli dedi ki:

    Aqşin əladır mən səni həmişə dəstəkləmişəm dəstəkləyəcəmdə… Əlaçı!!!

  2. Mehdi Hafizoghlu dedi ki:

    Aqşin , əladı.
    Azərbaycanda nə qədər cılız düşüncəlilər var imiş.

  3. Elshen Amirov dedi ki:

    Aqshin, maraqli musahibe alinib. Video olmasi da peshekar teessurati bagishlayir. Buna gore xususi tebrik edirem.
    Musahibede ishtirak edenler ele bil Musavat qezetinin adini cekmeye qorxurlar. Intervyu fobbisi var bizim milletin. Netice menim ucun de surpriz olmadi. Sebeblerden biri internetin olmasidi. amma Ingiltere kimi olkede internet istifadecilerinin ashagi sureti 8 Mb olsa da, her gun qezet alirlar. Qezetler tirajlarin gunden-gune artirir. Amma bizde her iki terefden de tersi bash verir.
    Qaldi ki, tematik qezetlere, mence, tematik qezetler, qezet olmasa da, jurnallar coxdu. Ele en cox satilan qezetler bukmekr qezetleridir.

    • Aqşin Mahmudov dedi ki:

      Düzdür, Elşən, hətta müsahibə götürməzdən əvvəl yaxınlaşdığımız insanlar kamera olmadan daha rahat danışırdılar, sonra deyəndə ki, bunları kameraya deyin, ondan sonra özlərinə qarşı senzura qoyduqları hiss olunurdu. Bu isə anlaşılandır. Bürokratiya hakim olduğu bir ölkədə insanlar da söz deməkdən çəkinirlər.
      İngiltərə məsələsinə isə çox yerində toxundun, açığı, mən də bunu bəhanə kimi qəbul edirəm.
      Diqqətinə görə çox təşəkkür!

  4. Guler Miryahya dedi ki:

    Tebrik edirem))realliqdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma