Bir az da musiqili…

Dərc edildi: İyul 26, 2011 / Halüsunasiyalarım...

Səhərin açılmasına az qalıb, mən isə yenə də yatmıram. Əslində, buna xroniki yuxusuzluq demək olmaz, çünki özüm bilərəkdən, istəyərək yatmıram. Zamanımın yuxuda keçməsi mənə həyatımdan itki kimi gəlir. Maraqlı deyil ki, sabah gözümün altında torbalar yaranacaq, bir az da sərxoş kimi gəzəcəyəm, lakin əvəzində gecənin bütün həzzini yaşaya bilirsən. Bir siqaret yandırıb tüstüsünü havaya buraxıram, solğun düşən işığın fonunda şaxələnərək ətrafa dağılır… Sakitlik, səssizlik, özün və xəyalların, bir də ki, səni daha çox düşündürməyə vadar edən sevimli musiqilərin… Musiqidən söz düşmüşkən, bir az bu barədə qısa haşiyəyə çıxmaq istərdim. Onu deyim ki, çox sevdiyim elə bir neçə qrup və ifaçılar var ki, onlar çox tanınmırlar, mən də öz növbəmdə həmin ifaçıları paylaşmağı heç istəmirəm. Mənim məhrəmimə daxildirlər, onların çox az adamın dinləməsini istəyirəm, baxmayaraq ki, sənət əsəridirlər… Düzdür, indi mənim eqoist olduğum düşünülə bilər, amma vecimə deyil, hərdən azca eqoizm heç kimə ziyan verməz…) Həmin musiqilər məni düşünməyə, bu dünyadan müvəqqəti uzaqlaşmağa vadar edir. Bəziləri kefimi yüksəldir, bəziləri isə daha da yerdən-yerə vurur. Lakin, hər bir halda musiqini dinləyərək özünə qəsd edən insanları çox zaman anlaya bilmirəm, bəlkə də anlamaq istəmirəm. Ağrıdan da həzz almaq lazımdır, ağrıya tez son qoymaqla sən onu yaşamamış olursan. Onun acı saydığımız, lakin əslində kəmşirin tamını dadmaq üçün bütün hissləri eyni anda keçirtməyi bacarmaq lazımdır. Musiqini dinləyirsənsə, ondan həzz almalısan, düşünməlisən ki, sən necə də xoşbəxt insansan ki, bunu eşidəcək qədər fiziki, duyacaq qədər mənəvi imkanların var. Hətta, gözlərini ağır damlalarla yükləyən hər hansısa sevimli musiqinin harmoniyasından sonra gülümsəməyi bacarmalısan, özünə aça biləcəyin xoşbəxtliyin ən böyük düsturlarından biridir bu müqavimətin. İnsanlığın bütün günahlarını bircə yaratdığı musiqiyə görə bağışlamaq olar. İnancsız biri olsam belə, hərdən mənə elə gəlir ki, tanrının belə eşitdiyində ağlaya biləcəyi musiqilər var… Müxtəlif mədəniyyətləri bir-birindən fərqləndirən musiqilər – bunlar bütün insanlığın zehninin açarıdır axı. Kilsədə şamların qoxusunu ciyərlərinə çəkərək sığınıb oturduğun məkanda qadın barmaqlarının klavişləri üzərində süzdürdüyü orqanın səsini və ecazkar vokalını eşidirsən və ya Şərq ölkəsində tezdən oyanırsan, üzünə günəşin şəfəqləri tökülərək səhəri azan səsi ilə qarşılayırsan – hər ikisi özlüyündə çox gözəldirlər. Bu anda inancdan heç bir söz belə gedə bilməz, çünki musiqinin dili yoxdur. Əgər, kimsə bu musiqiləri inanca və ya inancsızlığa bağlayaraq bəyən(m)irsə, o zaman həmin insanın mənəviyyatında ciddi problemlər var, məncə… Nə isə, uzun-uzadı yazmaq istəmirəm. Artıq saat 5-ə qalır, əllərimi başımın arxasına yaslayaraq Şubertdən “Ave Maria”nı dinləyim. Dediklərimə nümunə olaraq onu da deyim ki, Katolik kilsəsinin müqəddəs ifalarından birini bəstələyən Şubertin özü inancsız olub. Bu ifa hər bir qadını müqəddəsləşdirə bilən, bir qadına kişinin sevişdiyi anda müqəddəs baxa biləcəyinə təkan verən möcüzəli bir sənət əsəridir… İnsanlıq musiqi yarada biləcək qədər gözəl, müharibə yaradacaq qədər çirkin bir təbiətə malikdir…

Advertisements
şərhlər
  1. Xəyalpərəst dedi ki:

    Sizdən fərqli olaraq mən gecələr yatmağı üstün tuturam. Doğrudur, elə gecələrim olub ki, heç yatmamışam, səhəri musiqilərlə açmışam. Amma gecələr mənə görə qorxuludur, gecənin qaranlığında bir sehr, bir cazibə var. Əgər onun cazibəsinə qapılsam, pessimizm qapılarımı döyəcək. Gəlib keçmiş bütün günahlarımı masaya tökəcəyəm və mənəvi iztirab çəkəcəyəm. Yazınız, fikrimcə, bir az qəliz yazıdır, lakin bəyəndim! Sizə uğurlar.

    • Aqşin Mahmudov dedi ki:

      Belə desək, hər bir ruh halında gecəyə münasibət də fərqli olur. Hərdən elə olur ki, Sizin də dediyiniz kimi, pessimizm insana güc gəlir, özünü idarə etmək də çətin olur. Lakin, gecənin sehrinə qapılaraq gün ərzində görmədiyin bir çox gözəllikləri görmək mümkündür.
      Razıyam, yazı qəlizdir, çünki beynimdə formalaşan fikir yığınını sözlərə köçürtməyə cəhd etmişəm. Diqqətinizə görə çox təşəkkür edirəm!

  2. Sayyara Mamedova dedi ki:

    Gece ve gecenin cazibesini sevirem. Yalniz ozun ola bilirsen, butun chilpaqliginla, nece varsansa… Dushunceler, qorxular, etiraflar, xeyallar, arzular, realliqlar ve s ve ilaxir – bir gecede doya-doya yashaya bileceyin her shey var, geriye onlari yashamaq, duymaq, zovq almaq, bezen kederlenmek, bezen sevinmek qalir…en esasi geceni istediyin kimi yashaya bilmek…
    Musiqi ezemetli quvvedir – onun insana ne derecede boyuk tesir quvvesine malik oldugunu son zamanlar daha derinden duymaga bashlamisham. Iki esrarengiz quvve – gecenin cazibesi ve musiqinin qudreti birleshirse hech bir kelme bu sehri izah ede bilmez…
    Aqshin, gec de olsa oxudugum uchun chox sevindim, teshekkurler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma