Yaşamağın yaşadır

Dərc edildi: İyul 29, 2011 / Halüsunasiyalarım...

Ucu-bucağı olmayan böyük bir səhranın ortasında olmusanmı? Olmasan da, nə zamansa belə bir vəziyyətə düşəcəyini təsəvvür etmisənmi? Fikirlər səhrası necə, beyin fırtınası – ora düşməyən normal insanın mövcud olduğunu heç cür qəbul edə bilmərəm…

Hər kəsin öz həyat hekayəsi var, hər kəsin acılı-şirinli keçən günləri, öz mübarizəsi var. Düşün ki, həyatın özü də səhra kimi ucsuz-bucaqsızdır, sən isə yaşamağa susadığın bir zamanda bu səhranın ortasında özünü pərişan vəziyyətdə tapırsan. İlk öncə nəyin nə olduğunu, harada olduğunu dərk etmirsən, amma vəziyyətinin də həmişəki kimi olmadığını anlayırsan. Başlayırsan yola düşməyə. Gedirsən, gedirsən, gedirsən… səni qovurmaqda israrlı olan dözülməzliyə sinə gərirsən, bədənində gücünü hiss etdiyin müddətdə də dayanmağa dair qəti bir fikrin yoxdur, eləcə də bu səhranın nə zaman sona çatacağı, həyata dair kiçik bir işırtının görüləcəyinə dair heç bir fikrinin olmadığı kimi. Bu cür hallarda insanı idarə edən heç də fikirləri olmur, məhz içindəki yaşamaq eşqi və bununla bağlı yaranmış inamı olur. Lakin, inam ümid deyil ki, ən sonuncu ölsün. Ümid elə bir mövhumdur ki, ona heç kim və heç nə təsir edə bilməz, ta onu içində özünlə birlikdə öldürməyi qərarlaşdırmayana kimi… İnamı öldürən isə qarşına çıxan reallıqlar olur hər zaman. Və budur, artıq gücdən düşmüş bədənin boşalır, taqətdən düşür, nə edəcəyini bilmirsən, inamın itir, ümidin isə ölməkdədir, bu isə o deməkdir ki, özün də ölümü gözə almısan. Uzanırsan qaynar qumsallığın üzərində, öz sonunu gözləyirsən. Ölüm heç də adətən təsvir olunan kimi soyuq olmur, onun da özünə görə hərarəti var, bu fikirlər hər zaman beynimdə dönüb-dolaşır. Axı insanın öləndən sonra vücudunun soyuqluğuna görə ölümə də bu oxşarlığı vermək düzgün deyil. Qovrularaq ölümü gözlədiyin, həyat eşqinin tamamilə söndüyü anda içindən qeyri-müəyyən bir səs səni təslim olmamağa, ümidlərini yenidən cücərdərək ən azından qarşıdakı qumdan ucalmış təpəni də keçməyə səsləyir. Yumulan gözlərini azca aralayaraq yanında sənə başını əyri tutaraq altdan-altdan baxan kərtənkələni görürsən. Hər bir canlının istənilən şəraitə uyğunlaşdığı fikri bir anlıq ağlından keçir. Yaşamağa susayaraq qurumuş dodaqlarını bir-birindən qopardaraq dilinlə azca islatmağa cəhd edirsən. “Bu artıq sonuncu səddir” deyərək özünə son şansı verirsən. Hər addımında ayaqlarının altında çuxur yaradaraq sonra yenidən qum dənəcikləri ilə dolan ləpirlərin sənə ömrünün son anlarını hesablayan qum saatını xatırladır, həyatının hətta sayılı anlardan belə ibarət ola biləcəyini düşündürür. Günəşin qızmar şəfəqləri cisminə hoparaq təpənin düz başına qalxırsan. Uzaqdan gözünə vahə görsənir. Qarşına gözləmədiyin anda çıxan bu cür həyat nümunəsinə təbii ki, inanmırsan, əslində, görmək istədiyini gördüyünü sanırsan, dayanmaq, ümidlərinin puça çıxdığının fərqinə varmadan elə oradaca çökmək istəyirsən, lakin insan olduğun üçün bunu qəbul edə bilmirsən. Bütün bunlara rəğmən, cəhd edərək də itirəcəyin heç nəyin olmadığı bildiyin halda yenidən davam edirsən. Bilirsən, insan o zaman riskə gedir ki, həqiqətən də itirə bilcəyi nəyinsə olmadığına tam əmin olur, bunun fərqinə varır. Yaxınlaşırsan və gördüklərinin illuziya olmadığını, reallıqda öz əksini taparaq səni yenidən həyat qaytardığınının fərqinə varırsan. Dodaqlarına toxunan ilk damcıda həyatın necə şirin olduğunu anlayırsan, zamanında səhranın ortasında özünü ölümlə təklikdə buraxmayaraq içindəki səsi dinədiyini bir anlıq düşünürsən, özünü xilas edirsən. Elə bilirsən ki, bu səhrada sən təksən? Və ya sənin kimi mübarizə aparmaq istəyənlər, yaxud da ki, aparmaqda özündə güc tapmayan insanlarmı yoxdur? Yanılırsan, dostum, yanılırsan… Bu vahəyə səni çəkən də başqa bir insandır, inan mənə, əsas olan fiziki əlaqə deyil, məsafələrdən belə qəlbinin səsini dinləyərək səni səsləyən insana və məkana qovuşa bilərsən. Sən sadəcə özünə ikinci bir şans verməyi bacar. Tapdığın vahə HƏMİN İNSANDIR, onun tapdığı vahə isə SƏNSƏN, böyük hərflərlə – SƏN…) Yaşamağın yaşadır, çünki bir daha xatırla ki, buna cəhd edən yalnız sən deyilsən.

Advertisements
şərhlər
  1. maksim dedi ki:

    ”Bilirsən, insan o zaman riskə gedir ki, həqiqətən də itirə bilcəyi nəyinsə olmadığına tam əmin olur, bunun fərqinə varır.” \Kommunist partiyasinin manifesti\ – də bu fikir səhv etmirəmsə belə ifadə olunub; ” Proletariat burjuaziyaya qarşı üsyana qalxarsa qolunun zəncirindən başqa heç bir şey itirməyəcək”.Amma dahi M. Füzuli həmin fikiri Marksdan 350 il öncə dini üslubla da olsa belə ifadə etmişdir; “Seyli-bidadü sitəmdir mənşəi-tufani-Nuh,
    Olmasın qafil bəladən əhli-bidadü-sitəm.
    Xaneyi-zalim gedər seylabə manəndi- hübab,
    Tutsa tufan aləmi məzluma tufandan nə qəm.”
    Dahilər həqiqətə söykəndikləri ücün, məkan və zamandan asılı olmayaraq, yeganə olan həqiqəti ifadə edirlər. Cünki, həqiqətin bir üzü olur, yalanın isə sonsuz sayda sifəti var!

    • Aqşin Mahmudov dedi ki:

      Hər üç məqamı da çox düzgün vurğulamısınız. Ümumiyyətlə, həyatda atılan hər bir addımın altında müəyyən dərəcədə risk var, məncə. Lakin, bir nüansı tam əminliklə göstərə bilərəm ki, azadlıq üçün atılan hər bir addımın arxasında mütləq bir risk var, məhz bu riski gözə almağı hər kəs bacarmadığı üçün hər kəsin də azad olması qeyri-real səslənir çox zaman.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma