Azərbaycanlılar 9 milyon oldu!

Dərc edildi: İyun 11, 2010 / Bura Azərbaycandır!

Yanvarın 15-i Səhiyyə Nazirliyindən məlumat verilib ki, ekspertlərinin apardığı ilkin hesablamalara görə, Azərbaycanın 9 milyonuncu sakini saat 23:00-dan sonra dünyaya gələcək. Bu xəbərə sevinənlər, “o gün olsun ki, 100 milyon olaq” deyənləri də gördüm, hətta ciddi-ciddi bir-birini təbrik edənlər də vardı. Bəzi saytlarda isə “2050-ci ilə kimi azərbaycanlılar artacaq, ermənilər azalacaq” kimi düşük xəbərlər sevinc içində təqdim edilirdi. Bir anlıq səfalətdən əziyyət çəkən, ancaq uşaqların doğulmasına görə ön sıralarda gedən 3-cü dünya ölkələri fikrimdə canlandı. Millətin düşüncə tərzi mənə çox maraqlıdır, ümumiyyətlə, təbrik anlayışından tutmuş sevindikləri amillərədək. Hər nə isə, anlatmaq istədiyim bu deyil. Fikrinizi bir anlıq sürətlə artmaqda olan azərbaycanlılara yönəltmək, kəmiyyətlə keyfiyyət arasındakı fərqə nəzər yetirmənizi istərdim. Hər yeni qurulan azərbaycanlı ailəsində ilk nəzərə çarpan doğulacaq uşaqdır. Əgər 5 ay sonra ailəli qadının qarnı “şişməzsə”, o zaman qohum-qonşu, valideyinlər, tanışlar və s. kim görsə, “bişey-mişey yoxdur hələ?” və ya “uşaq istəmirsən, uşağınız olmur?” tipli insanlıq üçün səviyyəsiz sayılan suallar verilməyə başlanılır. Hələ Azərbaycan mentalitetində qadının sonsuz olmasından daha faciəvi heç nə yoxdur. Yox, üzr istəyirəm, var, qızın bakirə çıxmaması, amma bu, başqa mövzudur. Azərbaycanlıların daha bir faciəvi xarakteri ondan ibarətdir ki, kişinin sonsuz olmasında heç bir problem yoxdur, amma əgər ki qadın sonsuz olarsa, onu bağışlamaq olmaz, o nəslin üz qarasıdır, onu atası evinə qaytarmaq, daha yararlı bir “uşaqdoğan, paltaryuyan maşın”la əvəz etmək fikri var. Bu səbəbdən də acından günorta duran ailədə belə ən azı 2 uşaq olur. Əminəm ki, bu yazımı oxuyanlar nə demək istədiklərimi anlayırlar, çünki yuxarıda sadaladığım tip insanlar internetdə uzun yazılara tab gətirə bilmirlər, oxumaq həvəsləri olmur, axtardıqları yalnız röyanın, rəqsanənin şəkilləri, dini mahnılar, odnaklassniki və pornolardır. Onlar üçün internet sadaladıqlarımla kifayətlənir, bu səbəbdən də qeyrətli oğullarımız öz sevgililərini kompüter arxasında oturmağa qoymurlar. Rəsmi statistikaya görə 9 milyonun böyük bir hissəsini gənclər təşkil edir, gənclər isə bir millətin, dövlətin gələcəyidir. Bizim gələcəyimizi instituta qız tutmaq üçün qəbul olan oğlanlar, evdə qalmamaq üçün “p.. olsun, amma öz millətimizdən olsun” deyən qızlar, ümumilikdə isə, kitab-dəftərdən uzaqlaşmış, bütün fikirlərini atv-də zaurkimilərin, harun yəhya və ətağa möcüzələri tutmuş bir gənclik təşkil edir. Bir gənc oğlana ki ailə quracağı insanı valideyinləri seçir, onun nə seçim hüququ ola bilər gələcəkdə? Sevdiyi qızla isə ailə qurmamışdan öncə birlikdə olmur, nədir ki, toy günlərinin gecəsi etdiyinə görə birdən fəxr edə bilməz, yengəyə iş qalmaz, oğlan peysər çıxar, nəslin adı batar. Öz bacısını evdən çölə çıxmağa qoymayan, lakin küçədə gedən qıza nalayiq sözlər deyən, siqaret çəkən qız görəndə “külqanıbı nə başına çırpardım”, “bu qızın yiyəsi yoxdur” deyən, papağın hələ də qeyrət olduğunu fikirləşən bir gənclik formalaşıb bizdə. Bizim gəncliyi mənəvi olaraq qocalmış insanlar təşkil edir, çünki heç bir gənclik həvəsləri və maraqları yoxdur. Gənc etirazruhlu olar, ideologiyası və konkret məqsədləri olar. Mən demirəm ki, bizim gəncliyin məqsədi yoxdur, əlbəttə ki, var. Oğlanlarımız tuta bildiyi qədər qızla gəzməyi, axırda halal süd əmmiş birini tapmağı, maşınının, evinin olması, evinin kreditini verərək öz qarnını doldura biləcək bir maaşı olan işinin olması və təbii ki, arvadından əlavə, qıraqda özlərinin dedikləri kimi, “saxladıqları” bir qızları oldusa, bu artıq onlara görə “full” həyat deməkdir. Qızlar isə məktəb vaxtı bacardığı qədər oğlanlarla öpüşən, sonradan ərə getmək vaxtı çatanda hicab bağlayıb, ən azından, dinə-imana gələn bir təbəqədir. Artıq o qədər monoton düşüncə tərzləri var ki, ağızlarını açıb da iki cümlə dedikdə necə bir-birilərinə oxşadıqlarını kənardan baxan hər bir ağlı başında olan insan anlaya bilər. Bir dostumun da dediyi kimi, ən dəhşətlisi ondadır ki, bunların hamısı 21-ci əsrdə baş verir.Bir sözlə, bu ölkədə dünyaya gələn hər yeni bir körpə özündən əvvəlki valideyinlərinə oxşamaqla yanaşı, daha da ağır bir vəziyyətə getməyindənsə, artmamaqları ondan yaxşıdır. Hər hamilə bir azərbaycanlı qadını görəndə dünyaya gələcək potensial bir həşərat haqqında düşünməkdənsə, insanlığa və bəşəriyyətə yararlı bir İNSAN OĞLUNUN doğulacağına ümid etmək istərdim.

şərhlər
  1. Elshen Amirov dedi ki:

    Dediklərinin 99%i ilə razıyam. Bu problemlərdən kimi dindirsək danışacaq. Bunları edənlər də, etməyib tənqid edənlər də. Azərbaycanda mənəviyyat deyilən bir şey qalmayıb, gündən-günə də çökür. Nadir gənclərimiz bundan irgənir, bunların əksinə nələrsə edir. Cavanları yaşlılar öz boş xürəfatları ilə elə doldurublar ki, cavan birisi ilə hərhansı müzakirə aparanda qarşındakının sən yaşda olması səndə şübhə oyadır. Çünki əksər gənclər elə yaşlıların dediklərin təkrarlayırlar. Keçən dəfə işdə gələcəkdə nəsə etmək barədə fikir bildirəndə hamı məni təklədi. Deyirəm ki, toy mənimdi, necə istiyirəm elə də keçirtməliyəm, mənəə nə lazımdı, mənim toyuma gələcək Fərman dayı sonradan desin ki, Əli kişinin oğlu Elşənin toyu yamn pis keçdi. Hamıda ictimai qınaq qorxusu var. Qıraqdan nə deyərlər. Yas mərasimləri toylardan şan-şöhrətli olub. Biri yemək verməsə arxasınaca danışımaqdan qorxurlar. Axı bu nəyə lazımdı. Bu həyat bizimdisə biz necə istiyirik elə də yaşamalıyıq, başqalarının fikirlərinə görə formalaşdırmamalıyıq. Amma tək-tük gənclər var ki, bu uydurmalar qulaq asmır. Ən azından bu ümidverici haldır.

    • Fatima Shivakhanova dedi ki:

      Özün demiş, hər normal sayılabiləcək insanın içindəkilər ve keçirdiyi duyğular…
      Həqiqətsə görə bilənlər üçün acıdır. Ən azından inanmaq istəyirik ki, bir gün İNSAN Oğlu doğulacaq. Harda? Azərbaycandamı? =) Onadamı Prezident dövlət büdcəsindən pul ayıracaq? Yoxsa bu günə kimi “susdurulan” haqlılar kimi, onu da elə inkişaf yolunda məhv edecekler. Ehh Aqşin, nənəm demiş, “Rəhmətliyin nəvəsi nəyi qoyub, nə axtarırsan…”

      Özünü qoru qardaş, özünü qoru.

      P.S. 2 gün öncə bir “Əsl milli mentalitet vətəndaşı”nın proflində oxudum. Bir türk, Çobanımıza qarşı çıxırdı. Həmin o vətəndaş və özü düşüncəli biri yazmışdı “Eyy türk, başın bədəninə ağırlıq edir deyəsən.” Digəri “İşin olmasın ağzı hələ isti yerdədir” deyə cavablandırmışdı…

      Hadisənin lətifəsi səndən uzaq. 🙂

      Elə adı İlham olduğuna görə də, “tası” qalxıb. Yoxsa 3-5 minlə də yola vermək olardı…

      Görəsən qız olsaydı adını nə qoyacaqdılar?

      • Action Meinhof dedi ki:

        Təbii ki, bizim haimiyyət hər şeyə imkan tapır. Özümüzü qorumaqdan keçib artıq, çalışsaq da mümkün deyil. Emil və Adnan kimi bloggerlərimiz qazamatda məhz bu fikirlərinə görə yatırlar.

  2. Nurana dedi ki:

    Yazdıqlarınla tamamilə razıyam, məncə artıq şərhə heç ehtiyac yoxdur. Bunlar bizim gəncliyimizin real problemləridir, bəzi gənclərsə bunların problem olmasının fərqinə belə varmırlar. Bu da savadsızlığın və dünyagörüşünün darlığının nəticəsidir. Ümid edək ki, bunlar tezliklə aradan qalxacaq, ən azından biz özümüz də buna səy göstərməliyik..

  3. obrazlar dedi ki:

    Təsəvvür eləmirsiniz ki, qrammatik tələblərə uyğun korrektə olunmuş yazı görəndə necə sevinirəm. Bəlkə də Qaqarin kosmosa uçanda bu qədər sevinməmişdi, 🙂

  4. Action Meinhof dedi ki:

    Hörmətli, obrazlar, bizim borcumuzdur! 🙂

  5. yugen15 dedi ki:

    vallah ele bil ki, bu sozleri men yazmisam. 100de 100 raziyam. sadece olaraq problem ondadir ki, valideynlerimiz bizi deyismeye qoymur. her bir qiz evde anasina kimnense xosu gelmesi barede danissa ona ” vay basimizi yere soxdun, gozumuzu kolgeli eledin deyecekler” nisanli qizlari nisanlisiyla gezmeye qoymurlar ki, hele erin deyil. ele bil ki, nigah masasina oturub bir parca kagiza qol cekmek her seydir. bizim valideynler qizlarini ere verende birinci oglanin evine, puluna baxirlar, qizlarinin sevgisine fikir veren yoxdu. ele oglan valideynleri de. hec de geri qalmirlar. duz vurguladiniz ki, oglanlar ne qeder cox qiz tutsalar onlara musbetdir. yaxsi bes onlardan sonra o qizlar neylesinler? bizde sevgi medeniyyeti hele de inkiusaf etmeyib ele basqalari kimi. xalqim 9mln olmasin 90min olsun amma layiqli olsun. esas kemiyyet deyil, keyfiyyetdir.

  6. fantina dedi ki:

    Amma mən bu qədər ümidsiz baxmaq istəmirəm gəncliyimizə. Bəlkə də bu, mənim xarakterimdən doğur, bilmirəm. Amma bax, sən varsan, dostların var, dostlarının dostları var, sənin övladın və ya övladların olacaq, dostlarının övladları olacaq, dostlarının dostlarının da həmçinin…

    İlk yazmaq istədiyim cümlə isə: HƏQİQƏTƏN ACINACAQLIDI!((

  7. KenuLka dedi ki:

    Azərbaycanda vəziyyət, həqiqətən, dözülməz olub.. Get-gedə də daha da kəskinləşir… Bununla biz hara kimi diyirlənirik, görəsən?!

  8. sapsan dedi ki:

    salam..

    belə.. nədən başlayım? 🙂
    məqalənin bütünü qərəzlidir..
    bir-bir diqqətimi çəkən cümlələrinə şərh bildirmək istəyirəm.. yaranmış sualları yayındırılmamış cavablarla qoşalaşmış görsəm şad olaram..

    1. “Millətin düşüncə tərzi mənə çox maraqlıdır, ümumiyyətlə, təbrik anlayışından tutmuş sevindikləri amillərədək.” – sən bu millətin düçüncə tərzini bilmək istəyirsənsə əcdadına istinad et.. 🙂 saymaq istəməzdim, amma suallardan yayınmaq üçün bir neçəsini sayım: Nizami, Füzuli, Nəsimi, Nəimi, Nəbati, Ələsgər və s.. bir şeydə razılaşaq ki, sən də mənsubiyyət baxımından bu millətə azdan-çoxdan söykənmisən və tənqidlərimizi cəmə yönəldəndə şam kimi öz yanımızı işıqlandırmaq istəmədiyimizi də bilirəm.. yəni sən mentalitet qovursansa gəl sənin ailənin bu millətdən irs adı altında əldə etdiklərini müzakirə edək.. yəni sənin ailəndə mentalitetlə bağlı hanslı problemlərlə rastlaşdığını müzakirə edək.. necə deyərlər “durgün suda yoxlayaq üzməyi, ondan sonra axında çimərik..”. öz anlayışının və istedadının ətrafındakılardan nə ilə, hansı elmi rütbə ilə üstün olduğunu hesab edirsən?

    2. “Əgər 5 ay sonra ailəli qadının qarnı “şişməzsə”, o zaman qohum-qonşu, valideyinlər, tanışlar və s. kim görsə, “bişey-mişey yoxdur hələ?” və ya “uşaq istəmirsən, uşağınız olmur?” tipli insanlıq üçün səviyyəsiz sayılan suallar verilməyə başlanılır.” – bu isə hər bir ailənin öz işidir, bunu müzakirə etmək sənə düşməz.. necə ki, qolda bilərzik, qulaqda sırğa, bədəndə damğa gəzməyi xoşlayan adamlar var, bu tərz sualları verməyi xoşlayan və belə sualları cavablandırmağı xoşlayan adamlar da vardır.. sənə belə suallar verilsə uyğun bildiyin cavabı verməkdə müstəqilsən.. necə xoşdursa elə yaşamağın harasından narahatsan? niyə sən fərqlənmək istəyinlə sərbəst ola bilərsən, amma gördüyü kimi, uyğunlaşdığı kimi yaşamağa çalışanlara bunu rəva bilmirsən?

    3. “Hələ Azərbaycan mentalitetində qadının sonsuz olmasından daha faciəvi heç nə yoxdur. Yox, üzr istəyirəm, var, qızın bakirə çıxmaması, amma bu, başqa mövzudur.” – bakirə olmayan qızla evlənməkdə sərbəstsən.. 🙂 inanmıram 9 miyon bunu məqbul saymayıb ümumxalq etiraz mitinqi keçirsin.. əksəriyyətin bakirə qizla evlənmək arzulamasının harası doğru deyil?

    4. “acından günorta duran ailədə belə ən azı 2 uşaq olur. Əminəm ki, bu yazımı oxuyanlar nə demək istədiklərimi anlayırlar, çünki yuxarıda sadaladığım tip insanlar internetdə uzun yazılara tab gətirə bilmirlər, oxumaq həvəsləri olmur, axtardıqları yalnız röyanın, rəqsanənin şəkilləri, dini mahnılar, odnaklassniki və pornolardır.” – nə ilə oxuyanları inandıra bilərsən ki, internetdə porno axtarmamısan və ya bu sənə maraqlı deyil? odnoklassniki-də registrasiya olmaq səhvdir, facebook-da isə registrasiya olmaq (sən belə etmisən deyə) doğrudur? Röya-dan daha yaxşı oxuyan və daha çox dinləyici toplayan bir yoldaşın varsa gl onu birlikdə reklam edək, facebook sag olsun.. 🙂 kim bilir bəlkə qonşumuzda bişdi, bizə də düşdü.. sənin qərəzli və uzun yazılarını oxusa hansı dərdinə dərman tapacaq oxuyucu? sənə qoşulub 1-2 xoşlamadığı məqamı səsləndirsə və bədəninin müxtəlif yerlərini yazıb-pozsa yaxşı adam olacaq, amma 1-2 qərəzli cümlə oxuyandan sonra diqqətini ayrı məqalələrə yönəldən və ya öz işlərinin daha vacib olduğunu əsas bilib münasibət bildirməyənlər isə sənə görə cahil və mentalitet qulları olacaq?

    5. “Gənc etirazruhlu olar, ideologiyası və konkret məqsədləri olar.” – etirazruhlu, idealogiya, konkret məqsəd – bir sözlə missiya.. :)) ədəbiyyatımızda buna “tərsalıq” deyiblər böyüklərimiz, yəni hər çeyə qarşı çıxan, tərs gedən (küçə sözləri ilə desək “protiv gedən”).. missionersən? burda mayasını almamış idealogiya burda qatıq olmaz.. sosializm də doymadan süfrədən qalxası oldu.. altı bərkiməmiş daşın üstünə çıxmamaqda tərəddüd etməyin harası səhvdir?

    6. “Bizim gələcəyimizi instituta qız tutmaq üçün qəbul olan oğlanlar, evdə qalmamaq üçün “p.. olsun, amma öz millətimizdən olsun” deyən qızlar” – şəxsən mən ali məktəbə qız tutmaq üçün qəbul olmadım, bəs sən? əgər burda o məqsədlə ali məktəbə qəbul olanlar varsa səsini çıxartsın, Aqşinin deyəcəkləri var.. :))))

    7. “Qızlar isə məktəb vaxtı bacardığı qədər oğlanlarla öpüşən, sonradan ərə getmək vaxtı çatanda hicab bağlayıb, ən azından, dinə-imana gələn bir təbəqədir.” – yaman dolub-daşmısan, amma ad çəkməkdə aciz görünürsən.. 🙂 cümlələrin yünə topdan vurur, ətrafında belələri varsa adlarını çək, biz də bilək.. şəxsən mən ancaq dedi-qodudan eşidirəm belə şeylər, konkret tanıdığım isə 1/1000-dir desəm səhv etmərəm.. bakirəliyi gərəksiz sayan, amma öpüşməyi nalayiq sayan anlayış nə dərəcədə sağlamdır?

    8. “Artıq o qədər monoton düşüncə tərzləri var ki, ağızlarını açıb da iki cümlə dedikdə necə bir-birilərinə oxşadıqlarını kənardan baxan hər bir ağlı başında olan insan anlaya bilər.” – bunu iddia etməkdə sən ilk və tək deyilsən.. :)) ədəbiyyatımızda bunlara “zahid” deyiblər, yəni şablon düşüncəli adam, başqa sözlə sıradan adam.. bundan normal nə ola bilər? əsgərliyə gedəndə hamını general görsən necə olar? sən deyəsən hamının general olduğu bir ordu görmək istəyirsən, dolayısı ilə hamının Molla Pənah olmaması səni çox üzür.. :))))

    9. “Bir sözlə, bu ölkədə dünyaya gələn hər yeni bir körpə özündən əvvəlki valideyinlərinə oxşamaqla yanaşı, daha da ağır bir vəziyyətə getməyindənsə, artmamaqları ondan yaxşıdır. Hər hamilə bir azərbaycanlı qadını görəndə dünyaya gələcək potensial bir həşərat haqqında düşünməkdənsə, insanlığa və bəşəriyyətə yararlı bir İNSAN OĞLUNUN doğulacağına ümid etmək istərdim.” – çox dayaz yanaşmadır, övladın valideynə bənzəməsindən təbii nə ola bilər? qoz ağacında balqabaq yetişdirmək istəyirsən? valideynlərinin əlamətlərini daşımayanlara bütün planetdə “bic” və ya bənzər adlar qoyurlar.. sən valideynlərinə bənzəməmisən? ümidlərinə mən də qatılıram, amma potensial həşərat bənzətməsinin də obyektiv deyilmədiyinə əminəm.. :)) səndən törəyəsəklərə həşərat adını yaraşdırırsanmı və yaxın qohumlar arasında hamilə qadın görəndə nə düşünürsən?

    hər sualıma yozulmamış, yayınmasız cavab alsam şadlıq olar..
    suallarım kimisə təhqir etmək və ya acılamaq məqsədi daşımır, sadəcə oxuduqca gəncliyin və qandakı adrenalin miqdarının limitlərdən kənarda sərfinə laqeyid qalmaq istəmədiyim üçün və müəllifin istəyini nəzərə alaraq münasibət bildirmək qərarına gəldim..

    təşəkkürlər və uğurlar..

    • Action Meinhof dedi ki:

      1. Oradakı konkret sualına cavab yazdığım məqalədir. Əgər burada nələri sadalamışamsa, deməli, hər birini əskik hesab edirəm və hər birinin əksi mənim üçün normaldır. Əgər bunları belə qəbul edirəmsə, normal insan kimi üstünlüyümün bu olduğunu düşünürəm. Bu arada, təəssüf edirəm ki, Aşıq Ələsgər kimi səviyyəsizin biri ilə eyni mənsubiyyətə malikəm. Bunun meyxana deyən biriylə eyniləşdirməkdən heç bir fərqi yoxdur.
      2. Burada məsələyə səhv yöndən yanaşmısan. Orada sadaladığım tip “insanlar” təkcə bu suallara cavab verməyi sevən, toy günündə bir yerinin qanını millətə nümayiş elətdirən tükəzbanlara vermirlər, yerli-yersiz hər kəsə verirlər. Belə isə, başqasının yataq otağına burun soxmaq ən böyük tərbiyəsizlikdir. O zaman hər növ insanı normal qəbul ediriksə, pedofillərə, manyaklara və s. də normal yanaşaq da.
      3. Qızla sırf bakirə olmağına görə ailə qurmağı düşünmək marketdən yararlı mal seçməyə bərabərdir. Ortada söhbət normal insanı münasibətlərdən gedir. Kimin qərəzli yanaşması məhz buradan görsənir.
      4. Bu arada, sən artıq bədənimdəki döyməyə burada bir daha ilişmisən, səni nədir narahat edən? Məncə, çürükçülük edirsən bununla. O ki, qaldı porno axtarmağa, internetdə porno axtarmamışam, ən azından, uşaq vaxtı kompüterimə qardaşım nəzarət edirdi, indi isə artıq viruslarla əlləşməmək üçün bundan uzaq dururam, baxdığım pornolar isə 15-16 yaşlarımda olub, daha 21 yaşımda bunu etməmişəm bu millətin övladları kimi. Google-da millətin nə axtardığı daha yaxşı görsənir, arada nəzər yetirsən yaxşı olar. O ki, qaldı facebook-la odnaklassniki arasında fərqə, mail.ru-nu çökdürən millət odnaklassnikinin də içinə eyni zibili yığdı, facebook-u tanımadıqları müddətə qədər isə bu sosial şəbəkənin məqsədi tamam başqa idi, indi onu da beli üstə qoyurlar artıq. Röyaya alternativ tapa bilmirsənsə, bu artıq sənin musiqi zövqündə və aləmində olan problemdir, bağışla, onu düzəltməyə səy göstərəcək qədər zamanım yoxdur. Gedim, Aşıqlar qrupunun bir neçə ifasını dinləyim…
      5. Birincisi, idealogiya yox, ideologiya, heç olmasa haqqında danışdığımız şeyi düz yaza bilək. O ki, qaldı kimini nə olmasına, orada hamını solçu olmağa çağırmamışam, gənclərə yanaşma başqa cürdür, cümləni bir daha diqqətlə oxumaq daha məsləhətlidir. Sosializm barəsində isə bir pantürkistlə danışmaq çiy dalağı dartışdırmağa bərabərdir, ona görə də burada uzatmıram.
      6. İnanmıram ki, mənim bloqumu izləyən o tip insanlar olsun, onların başları indi odnaklassnikidə qatışıqdır, işin olmasın. 🙂
      7. Dəhşətə gəlirəm. Ya sən oxuduqlarını analiz etmirsən, ya da ki, deyinmək xətrinə bu qədər şey yazmısan. Cənab, mənim sözüm ondadır ki, necəsənsə, özünü elə göstər. İçindən bu gəlir, sonra isə məcburiyyət üçün bunu etmə, əsl azərbaycanlılıqdır bu. Qızsan, öpüşürsən, oğlanlarla gəzirsən, özün bilərsən, amma daha sabah təmiz adla ərə getmək üçün bu nə düşüklüklərdir edirsən? Bir Qərbə baxın da, orada bu qədər formal düşüklüklər varmı?!
      8. Xeyr, hər kəsin mütaliədən uzaq, lakin zırt-pırtla dolu beyinləridir məni üzən. Şəxsən, heç zaman anlayışım olmayan bir mövzu barəsində danışaraq özümü biabır etməyi sevməmişəm, eynisini də sənin zahidlərindən gözləyirəm.
      9. Elə atasına oxşadıqları üçün də Rusiyada hələ də millətə pul atıb, ölkədə rüşvət alıb-verib və s. kimi oğraşlıqlar edirlər. Tüpürüm elə oxşamağa, bicbalalar daha şərəflidirlər, əmin ol. Həşərat görəndə həşərat olmasını hər yerdə düşünürəm, qohum-əqrəbə fərq etmir, onlar da bunun bir hissəsidirlər.

      Sonda isə suallarına bir az gec cavab yazdığım üçün üzrlü say, vaxt azlığı öz sözünü deyir. Belə isə, yazdıqlarımı bir daha oxumağı, və xüsusi ricam ilə diqqətlə oxumağını istərdim, çünki yuxarıda təzad kimi göstərdiyin məqamlar əslində, heç də sənin gördüyün kimi deyil.

      Uğurlar!

  9. sapsan dedi ki:

    etirazruhlu bəy,
    sən suallardan yayınmaq üçün bütün vasitələri zorlamısan.. :))) mən heç bir sualıma cavab almadım düzünü demək gərəkdirsə, amma cavablarında üstün ruh halını gördükcə bu mövzunu davam etdirmək istəyim aşınmağa başladı.. kim bilir, bir də gördün Aqşın əsəbiləşıb şəxsi təhqirlərə də keçdi, allah qorusun.. 🙂
    mümkündürsə gir eylence.az-da da müvafiq mövzuda bu münasibətini yaz.. ola bilsin münasibət bildirmək istəyənlər bol olsun.. bəlkə də əlində grant küçələrdə dolaşıb verməyə adam axtaran qərblilərin diqqətini çəkə bildin.. :))
    çox üstünlüklərin varmış, çox ortalıqda dolaşma göz dəyər.. belə şeylərə (göz dəymə kimi inanclara) inanmadığını bilirəm, hər halda yumor hissim mentalitetimizin təsirindən bu günə düşüb, fikir verməsinlər..
    tarixdir, yazdıqların qalsa yaxşı olar.. :))) hər birinimizi izləyir dilimizdən çıxan sözlərimizvə əməllərimiz.. bir ağsaqqal deyib ki, baş kəsiləndə dili də özü ilə aparır.. əminəm ki, hərbi xidmətdə sənin etiraz edən ruhunu sakitləşdirəcəklər.. mənim düşüncə tərzimi mənimsəmiş zabitlərimiz çoxdur orduda..
    bir məsəl var, dəzgahın sazlığı məhsulunun sazlığı ilə ölçülür.. :)) birdən ağlıma gəldiyi üçün yazdım, xahiş edirəm düşüncələrimin pərakəndəliyini mühakimə etməyin..
    sən insanların düşüncə tərzinə zırt və pırt deyə bilməyin üçün ən azı 1-2 nəsil “sağlam” düşüncəli (özün kimi) nəsil yetişdirməlisən, formalaşdırmalısan və ya mənim kimi düşünənləri özünə bənzətməyi bacarmalısan..
    bundan əlavə sən kimin dilində danışdığını və düşündüyünü unutmusan deyəsən.. :)) Aşıq qoruyub bu dili sənin üçün.. əgər özünü belə zəngin düşünən və fikirlərini ifadə etməyi bacaran hesab edirsənsə və meyxana deyəndən daha istedadlı sayırsansa mən səni 1-2 meyxana deyən ilə tanış edə bilərəm.. həm düşüncə, həm də fikirlərini ifadə etmək baxımından necə topalladığının özün də daxil olmaqla hamı şahidi olar.. dostlarını da gətirə bilərsən özünlə.. :))
    ola bilsin mən oxuduqlarımı analiz etmirəm və ya bacarmıram – buna sənin oxuyucuların qərar versin.. deyingənlik isə yaşla və zamanla gəlir, sənə həmişə 20 yaş ətrafında qalmağı arzulayıram.. 🙂 mənim yaşıma gəlməyin pis olardı, deyingənlikdən siğortalı deyil heç kim, çox təssüf..
    facebook yaxşı idi, bizimkilər zibilini çıxartdılar.. :))))))) bir sözlə 6 milyard təmizləyir, 9 milyon zibilləyir.. :))) təzad axtarmaq istəyirsənsə cümlələrinə göz gəzdir.. mail.ru-nu bizimkilər çökdürüblərmiş.. :))))))) ruslar bilməsin amma.. :)))
    kimsə bir yerinin qanını xalqa nümaiş etdirir deyirsən.. :)) bir zamanlar səni də sünnət edib, qanını töküblər – valideynlərini məhkəməyə verməyin məsləhətdir və ya bir şəkildə qisas almağın doğru olar.. :))
    sənin bədənin sənin əsərindir, istəsən bədənini ülgüclə də yazmaqda sərbəstsən.. fikrimi soruşmuş olsaydın, “sənə çox yaraşar” deyərdim.. :)) mən sənin bədənindəki döyməyə yox, sənin döyməyə bəraət qazandırmağa haqqın olduğu qədər ətrafındakıların da bildikləri kimi yaşamağa haqqı var demişəm.. kim diqqətlə oxuyur, kim diqqətsiz oxuyur oxuyucuların qərar versin.. ətrafındakılara çürük münasibət bildirməsən məni çürükçü olmaqdan sığortalamış olardın..
    Aşıqlar qrupu adlarını düzgün seçməyiblər, onlara qulaq asmaq səni ucaltmaz.. :)) üstəlik sən heç zaman anlayışın olmayan mövzular barəsində danışaraq özünü biabır etməyi sevməmisən, bunu təqdir edirəm.. ona görə də sənin hüzuruna Aşıq Ələsgər haqqında çox zəngin anlayışınla tanışlıq üçün istədiyin sayda oxuyucu və dinləyici gətirməyə hazıram..

    əgər təsadüfən övladının sənə bənzəməyini istəməsən elan ver, hər halda sənin uşağının onlara bənzəməyini arzulayan gənclər növbəyə düzülərlər.. təhqir kimi baxma, sevdiyin qərbdə bu təhqir deyil..

    etdiyim hərf səhvləri çox diqqətini çəkib, xoşdur mənə sənin hərflərə diqqət etməyin və hərfi yanaşmağın.. suallarımı təkrar yazıram, çalişacam hərf səhvlərini aradan qaldırım ki, daha onların üstündə çox baş sındırmayasan..
    ricaya rica ilə cavab verməyin ədəbsizlik olduğunu bilirəm, yaşıma bağışlayarsan.. şəxsi tanışlığımızı nəzərə alıb bu ricam və xahişlərim xatirinə cavıbının həsrətində qalan suallara konkret cavablar versən gənc yaşında misilsiz savab qazanmış olarsan..
    1. öz anlayışının və istedadının ətrafındakılardan nə ilə, hansı elmi rütbə ilə üstün olduğunu hesab edirsən?
    2. niyə sən fərqlənmək istəyinlə sərbəst ola bilərsən, amma gördüyü kimi, uyğunlaşdığı kimi yaşamağa çalışanlara bunu rəva bilmirsən?
    3. bakirəlik barədə fikirlərin tam aydın oldu.. :)) səmimi cavabının bakirəliyi lazımsız sayan qızlar tərəfindən təqdir edilməsini diləyirəm..
    4. porno söhbəti də aydın oldu, şəxsən mən inandım.. amma çalış başqalarının yanında demə, çünki bəyənmədiyin mentalitetdən olan 1-2 nəfər birdən ağır təsir edəcək söyüşlər ünvanlayarlar internetdə porno axtarana və yaddaşının səni üzü qara çıxartmamasını ümid etməkdən başqa çarən qalmaz..
    5. missionersən? sirr deyilsə missiyanın nədən ibarət olduğunu sadiq oxuyucularınla bölüş..
    6. yanılmisan, heç kim “qız tutmaq üçün instituta qəbul olmuşam” deyə etiraflarda olmadı.. :)) qorxublar bəlkə, hamı sənin kimi ürəkli deyə bilmir sözünü.. 🙂
    7. bu da aydın oldu, təşəkkür edirəm.. öpüşmədən bakirəliyin itirilməsinin tərəfdarısan, zövqün və fantaziyaların qəribə gəlsə də cavabındakı səmimiyyət üçün təşəkkür edirəm..
    8. bu da aydın oldu, sən zahid olmadığın üçün ədəbiyyatımızın “zahid” adlandırdığı adamlar səslərini çıxarmasınlar gərək.. hər halda dilsiz doğulsaydılar daha yaxşı olardi, təbiətin qüsuru deyib keçək.. 🙂
    9. sən valideynlərinə bənzəməmisən? yaxın qohumlar arasında hamilə qadın görəndə nə düşünürsən?

    1, 2, 5 və 9-cu sualların cavabları mövzunu sənin lehinə çevirmək üçün kifayətdir..
    təşəkkürlər.. 🙂

  10. Samed dedi ki:

    Bele duwunceli genceler cox olsa hec kim biznen bacara bilmez.Ama mene bir wey maraglidi.Tv-ye baxirsan gosterirler her gun bir olkede gencler,telebeler etiraz aksiyasi kecirib dovlete qarwi.Bizim onlardan ferqimiz nedi?Niye biz mitingler kecirmirik?

    • Action Meinhof dedi ki:

      Bizim gənclərdə etiraz ruhunu müxtəlif yollarla öldürürlər və bu da çox rahat alınır. Heç bir xalq bir digərindən üstün deyil. 1989-1992-ci illərdə meydanlara gənclər tökülüşür, azadlıq üçün bir olurdular. Bunun isə səbəbi məhz Sovetin onlara verdiyi mükəmməl təhsil idi. Gənclər savadsız deyildilər, burunlarından uzağı görə bilirdilər. İndi isə, gəncliyi tam bir qoyun kimi formalaşdırırlar, fərq budur.

  11. sapsan dedi ki:

    dünyaya yenicə gəlmiş körpəyə “həşərat” deyərkən dil də sərbəstdir, üslub da.. :))) amma dəyirmanına su daşıdığınız ideologiyaların rəvan olduğu məmləkətlərdən birində məskunlaşmaq adı gələndə sərbəstlik yarı qolda qoyur sizi.. :))

  12. Qərib dedi ki:

    Niyə axı məgər bu ölkəni tərk edənlər azdır ki?Ən azından siyasi qaçqın adı ilə bir çoxları gedir, elə xaricdə təhsil adı ilə gedib qayıtmayanlar da az deyil

Bir şərh yazın