4 Oktyabr – Dünya Heyvanlarının Müdafiə Günü

Dərc edildi: Oktyabr 3, 2010 / Dünya və Biz

logoHeyvanları sevən hər bir kəs onların bizim həyatımızda necə mühüm rol oynadığının fərqinə varırlar.

Hər il olduğu kimi, 2010-cu ildə də Dünya Heyvanlarının Müdafiə Gününün özəl rolu var. Bütün heyvansevərlər bizim heyvan dostlarımızın qayğısına qalmağa və qayğıya çağırılır. Dünyanın dörd bir yanında müxtəlif tədbirlər keçirilir.

Dünya Heyvanlarının Müdafiə Günü yeni hadisə deyil, bu ənənə 1931-ci ildə Florensiyada ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsi aparılan yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin hadisə əhatə dairəsini genişləndirərək, dünyadakı heyvanların bütün növlərinə şamil olunmuşdu. Oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu olan Assasiyalı Françeskonun vəfat etdiyi günə görə təyin olunmuşdur. Bu gün milliyətindən, inancından, dinindən, siyasi baxışından və ya ideologiyasından asılı olmayaraq heyvansevər hər bir kəs tərəfindən qeyd olunur.

Dünya Heyvanlarının Müdafiə Günü bütün heyvansevərlərə birlikdə toplaşmaq və ən əsas da xeyirli işlər görmək üçün gözəl imkan yaradır. Planetimizdəki heyvanları xilas etmək və qorumaq onların həyatında həssas bir amildir. Heyvanlarsız dünya necə də maraqsız, cansıxıcı olar, bir özünüz təsəvvür edin. Bizlər onları necə qorumağı və əhilləşdirməyi öyrənməli, bu dünyanın onların rahat yaşaya biləcək məkan olmasını təmin etmək fikrini özümüzə aşılamalıyıq.

Hər birimizə məlumdur ki, heyvanlar həyatımızda tərəfdaş, köməkçi, narahat olduğumuz anlarda yanımızda olan və bizlərə xoş hisslər bəxş edən canlılardır. Dünya Heyvanlarının Müdafiə Günü qlobal olaraq 4 Oktyabrda qeyd olunur. Bu gün heyvansevərlər bir araya gəlirlər və dördayaqlı dostlarımızın onlara verdikləri xoşbəxtlik hissini bir-biriləri ilə paylaşırlar. Dünya Heyvanlarının Müdafiə Günü köməyə ehtiyacı olan bütün heyvanları xatırladan zamandır. Heyvanlara pul verərək onları almaq və evcilləşdirmək hələ hər şey demək deyil, onlara qayğı göstərmək, sevmək lazımdır.

Bu günlə əlaqədar bütün əsas tədbirlər 2003-cü ilin Oktyabrın 4-dən başlayaraq Birləşmiş Krallıqda keçirildi. Təşkilatçılar, qruplar, heyvan yetişdirənlər, inanc yerləri, məktəblər, klublar və digər ayrı şəxslər bu günün qeyd olunmasında xüsusi işlər görməyə başladılar.

Mən əminəm ki, bizim də ölkəmizdə bu tip tədbirləri keçirtmək olar. Bu il olmasa da, 2011-ci ildən sonra bu səpkidə olan günlərin təşkilatçılığına diqqət yetiriləcək, şəxsən özüm buna nəzarət etməyə çalışacağam.

Unutmayaq ki, hər 3 saatda yer üzündən bərpa olunmayacaq şəkildə 3 növ heyvan tələf olur. Gündə 70 növ flora və fauna növü də eyni aqibətlə üzləşir. Son 25 ildə isə bioloji müxtəliflik 3 dəfədən çox azalıb. Bunlar insanlığın problemləridir, bir gün gözümüzü açıb da dünyada bir-birini qıran insanlardan başqa heç nə görməyəcəyik. Gəlin, heç olmasa bir gün özümüzdən kənar canlıları da düşünək. Heyvanlar bizim həyatımızda ona görə deyillər ki, biz onların canlarından, ətlərindən istifadə edək. Hər kəsi vegeterian olmağa çağırıram, inanın ki, insan mənəvi olaraq çox rahat olur.

şərhlər
  1. iMMoRTaL AnGeL dedi ki:

    Yeməkləri cəhənnəmə, heç olmasa incitməsinlər o heyvanları.. Küçədə pişikləri necə qovurlar, itləri o qədər təpikləyirlər ki öz itlik mənliyini itirir, eşşəklə necə sərt rəftar edirlər..nadir quşları, məməliləri 2-3 manat xətrinə necə məhv edirlər !!! Dəhşətə gəlirəm!
    Bu qış Qızılağac təbiət qoruğunda idim.. kitabdakı statistikalarda oxuduğum rəqəmlər hara, gözümlə gördüklərim hara…
    brokonyer gəlib qoruq keşikçisinə deyəndə ki burax gedim biraz ov edim, keşikçi 5 manatı da cibinə basırdı ki 3-4ün də mənimçün vur..eh….
    Moskva Dövlət Universitetindən 4 nəfərdən ibarət müəllim heyəti gəlmişdilər, dünyada tək tük yerdə tapılan Ağqaş Qaz – Anser erythropus haqqında məlumat əldə etmək üçün.. Ölüsünü görüb ağlayırdılar!!!!! Nifrət edirdilər bizim millətə o cür nadir növü öldürdüyümüz üçün!!!!
    Təəssüf ki elə bu cür günləri yalnız heyvanları sevən onlarla maraqlanan insanlar xatırlayır.. digərləri öz işindədi…p.s.heyvanlıqlarındadı!!!

    • Action Meinhof dedi ki:

      Həqiqətən, acınacaqlı faktdır. Bizlər növləri təhlükə altında olan canlıları nəzarətə götürmürük, yəni bunu etməl olan orqanlar biganəlik göstərirlər. Nəticəsi isə budur ki, təbiətdə vəziyyət artıq kritik həddə çatır. 5 manata olmayan vicdanını satan təbiət mühavizəçisi olan ölkədə yaşayırıq, burada heç heyvan kimi yaşamaq da asan deyil.

  2. Araz dedi ki:

    Dostlar, keçən həftə səhər işə gedərkən yol kənarında can verən bir it gördüm. İşə çatan kimi telefonla baytarlıq idarəsinə zəng etdim, üç idarə məni bir-birinin üstünə yolladı. İkincisində rusdilli bir xanım dedi ki, “yox, yox, biz itləri götürmürük”, soruşdum “bəs nə götürüsünüz?”. Əcəba, ortada can verən bir zürafə, fil, ya balinamı olmalı imiş ki, onu götürsünlər?

  3. Könül dedi ki:

    Ürək açan bir mövzu olmasa da acı həqiqətləri özündə cəmləşdirən yazıdı. Bu gün heyvanlara qarşı edilənlər çox az insanı düşündürür. Dilsiz-ağızsız heyvanlara sözün əsl mənasında zülm üdilir. Müvafiq orqanların bu mövzuya xüsusi diqqet edəcəklərinə inanmaq istərdim sadəcə. Çünki , heyvanxanalarda bele onların qayğısına doğru düzgün qalınmır. (( Yolda kime balaca it ve ya pişik yaxınlaşırsa hemin an insan deyilen mexluq ya daşlıyır ya tepikliyir! Bu canlilara doğru düzgün diqqət ayırmaq lazımdı .” Heyvanxanalardakı” kimi “qayğı” yox.

Bir şərh yazın